Azərbaycan ABŞ-da 45-ci oldu
- 18 İyl 2022 17:31
- 493
Azərbaycan yığmasının ABŞ-ın Birmingem şəhərində keçirilmiş 11-ci Ümumdünya Oyunlarındakı yekun mövqeyi müəyyənləşib.
Rekord.az xəbər verir ki, yarışı 1 qızıl və 1 bürünc medalla başa vuran milli komanda medal sıralamasında Litva ilə birlikdə 45-ci pilləni bölüşüb.
Ümumilikdə, Azərbaycan postsovet məkanında 3-cü olub. Yalnız Ukrayna (16-12-17) və Qazaxıstan (1-2-1) bu nəticədə Azərbaycanı qabaqlayıb. İslam ölkələri arasında isə Azərbaycan Misir, İndoneziya, BƏƏ, Qazaxıstan və Bruneydən sonra 6-cı olub.
Ən yaxşı nəticəyə Almaniya millisi imza atıb. 47 medal qazanan almanlar 24 qızıl, 7 gümüş və 16 bürünc medalla birinci olub. Meydan sahibi ABŞ 44 medalla (16-18-10) ikinci, Ukrayna 45 medalla (16-12-17) üçüncü yerə çıxıb. Ən çox medal qazanan komanda isə İtaliya olub – 49 medal (13-24-12).
Azərbaycan 11-ci Ümumdünya Oyunlarında 15 idmançı ilə təmsil olunub. Bunlardan 10-u aerobika gimnastları, 3-ü karateçi, 1-i kikboksçu və 1-i bədii gimnast olub. Yalnız 91 kq-dan yuxarı çəki dərəcəsində döyüşən kikboksçu Bəhram Rəcəbzadə qızıl medal qazanıb.
Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Rauf Hacıyev, Sənan Mahmudlu, Nigar Mir Cəlallı, Nəzrin Mustafayeva və Ayxan Əhmədlidən ibarət gimnast komandası aerobikanın rəqs növü üzrə bürünc medala layiq görülüb.
Növbəti – Ümumdünya Oyunları 2025-ci ildə Çinin Çendu şəhərində keçiriləcək.