
Azərbaycan AÇ-də ilk dəfə 4 kateqoriyada təmsil olunacaq
- 20 Fev 2025 21:15
- 83
Azərbaycan badmintonu tarixində daha bir ilk yaşanacaq.
Rekord.az xəbər verir ki, 2025-ci ilin 8-13 aprel tarixlərində Danimarkanın Horsens şəhərində keçiriləcək Avropa çempionatında 4 kateqoriya üzrə 6 badmintonçumuz reytinq sıralamasına əsasən qitə çempionatında iştirak hüququ qazanıb.
Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında şəxsi kateqoriyada həm İspaniya, həm də İngiltərədən olan rəqiblərinə qalib gələn Edi Reski Dviçayo 25537 xalla, Avropa çempionatına vəsiqəni təmin edib.
Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında İngiltərə və Danimarkadan olan rəqiblərini məğlub etməklə reytinq xallarını 28347-yə yüksəldən Keişa Fatimə Zəhra isə qadınların şəxsi mübarizəsində qitə çempionatında iştirakını təmin edib.
Hər iki badmintonçumuz püşk zamanı səpələnmişlər siyahısında yer alacaq.
Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu tandeminin topladığı 14595 reytinq xalı da müvafiq kateqoriya üzrə apreldə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq üçün yetərli olub.
Qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva 10171 reytinq xalı ilə adlarını Avropa çempionatına yollanacaq badmintonçular siyahısına yazdırmağı bacarıb.
Badmintonçularımızın qoşa kateqoriyalarda qitə çempionatına vəsiqə qazanmasında həlledici rolu Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında iştirakı oynayıb.
Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçularımızın Avropa çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.