Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıb. "Rekord.az" xəbər verir ki, komandamız bu uğura seçmə mərhələsinin son turunda qazandığı qələbə ilə nail olub.

D qrupunun son qarşılaşmasında Avstriya ilə üz-üzə gələn voleybolçularımız oyuna yaxşı başlayıb və ardıcıl iki setdə meydan sahiblərinə heç bir şans vermədən vəsiqənin taleyini həll edib. 3-cü hissəni ciddi müqavimətlə hesabına yazdıran avstriyalı voleybolçuların bundan artığına gücü çatmayıb. Görüş gözlənildiyi kimi millimizin qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə Azərbaycan ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, qitə birinciliyinin final mərhələsi 2023-cü ildə Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə keçiriləcək.

Avropa çempionatı, təsnifat

D qrupu 

VI tur

   Avstriya - Azərbaycan 1:3 (14:25, 20:25, 25:23, 15:25)