Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan yığması Rusiyanın Barnaul şəhərində SSRİ idman ustası Konstantin Kostenkonun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurlu çıxış edib.

Rekord.az xəbər verir ki, 10-a yaxın ölkə təmsilçilərinin qatıldığı yarışda avarçəkənlərimiz böyük məşqçi Mirnazim Cavadovun rəhbərliyi altında 2 qızıl medal qazanıblar.

İlk yarış günündə bir nəfərlik kayak qayığında 15 yaşadək idmançılar arasında 1000 metr məsafəyə yarışda Əlimurad Hacızadə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni yaş kateqoriyasında iki nəfərlik kayak qayığında 500 metr məsafəyə mübarizədə isə Əlimurad Hacızadə - Vacib Babayev dueti xatirə turnirinin qalibi olub.