Azərbaycan Avropa çempionatında 13 cüdoçu ilə təmsil olunacaq
- 02 Apr 2024 17:45
- 207
Aprelin 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Rekord.az xəbər verir ki, ölkəmizi 3 günlük yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 13 idmançı ilə təmsil edəcək.
Qadınlarda Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq), kişilərdə Balabəy Ağayev, Turan Bayramov (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaqlar.
Avropa çempionatında cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar.
Xatırladaq ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmalarının üzvləri Avropa çempionatına hazırlıq məqsədilə Avstriya, Rusiya, Portuqaliya, Fransa, İspaniya, Çexiya, Özbəkistan, Yaponiya və Türkiyədə, həmçinin dəfələrlə ölkə daxilində təlim-məşq toplanışlarına qatılıblar.