Azərbaycan Badminton Federasiyası əməkdaşlıq memorandumu imzalayıb
- 09 Fev 2022 15:35
- 492
Azərbaycan Badminton Federasiyası və Azərbaycan Banklar Assosiasiyası badminton idman növünün inkişafı üçün birgə çalışacaqlar.
Azərbaycan Badminton Federasiyası (ABF) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. "Rekord.az" xəbər verir ki, Memorandumun əsas məqsədi ölkənin bank sektorunda badminton idman növünə marağın artırılması, o cümlədən bu idman növünün inkişafına biznes və maliyyə sektorunun dəstəyinin stimullaşdırılmasıdır. Tərəflər arasında əldə edilən ilkin razılığa əsasən yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bankların həvəskar komandaları arasında badminton yarışı təşkil ediləcək və birgə müxtəlif layihələr həyata keçiriləcək.
Azərbaycanda badminton idman növü 1960-cı ildən inkişaf etməyə başlayıb. 1962-ci ildə ilk Bakı çempionatı, 1963-cü ildə isə ilk Azərbaycan çempionatı təşkil olunub. 1974-cü ildə badminton üzrə SSRİ kuboku Bakıda keçirilib. ABF 1997-ci ildən Dünya Badminton Federasiyasının (WBF) və Avropa Badminton Konfederasiyasının (BEC) üzvüdür. 2010-cu ildə İran İslam Respublikasında keçirilən “A” kateqoriyalı ənənəvi Fəcr turnirində kişilərin qoşa yarışında komandamız bürünc medal qazanıb. Milli komandamız 2018-ci ildə Rusiyanın Kazan, 2020-ci ildə isə Fransanın Lievin şəhərində keçirilən komandalararası Avropa çempionatında iştirak edib. 2021-ci ilin sentyabrında Rusiyanın Kazan şəhərində keçirilən 1-ci MDB oyunlarında yeniyetmə və gənc badmintonçularımız şəxsi,qoşa,qarışıq-qoşa və komanda yarışında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb.
2021-ci ildə Tokioda keçirilən yay olimpiya oyunlarında Azərbaycan tarixdə ilk dəfə badmintonda təmsil olunub. 2021-ci ilin dekabrında isə ölkə badmintonu tarixində badmintonçumuz Edi Reski Dviçayo ilk dəfə İspaniyanın Huelva şəhərində keçirilən dünya çempionatında iştirak edib. Hazırda Azərbaycan millisi Dünya Badminton Federasiyasının açıqladığı son siyahıda 62-ci sırada qərarlaşıb.
Qeyd olunmalıdır ki, ABA hazırda 26 bank və 2 bank olmayan kredit təşkilatını, eyni zamanda Azərbaycan Kredit Bürosu, Azericard MMC və Millikart MMC-ni özündə birləşdirən bank sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi ictimai platformadır.
Ümid edirik ki, ABF və ABA arasında yaranan yeni əməkdaşlıq ölkəmizdə badmintonun daha da populyarlaşmasına və bu idman növündə kütləviliyə təkan verəcək.