Azərbaycan badmintonçuları Türkiyədə 9 medal qazanıblar
- 10 İyn 2024 19:10
- 212
Azərbaycan badmintonçuları Türkiyənin paytaxtı Ankarada keçirilən “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”ndə 9 medal qazanıblar.
Rekord.az xəbər verir ki, yarışın son oyun günündə beş kateqoriya üzrə qaliblər müəyyənləşib.
5 kateqoriyadan 4-də finalda təmsil olunan Azərbaycan təmsilçiləri 2 qızıl, 3 gümüş və 4 bürünc mükafat əldə ediblər.
Kişi badmintonçuların şəxsi yarışında həlledici qarşılaşmada millinin lideri Edi Reski Dviçayo komanda yoldaşı Diki Pangestuya qalib gəlib.
Edi-Diki tandemi kişi badmintonçuların qoşa yarışında da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.
Qarışıq qoşa kateqoriyasında yarışan Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra turniri gümüş medalla başa vurub. Keişa daha bir gümüş medalı qadın badmintonçuların şəxsi yarışında millimizin hesabına yazdırıb.
Bundan əlavə, Era Maftuha qadın badmintonçuların şəxsi yarışında, Diki Pangestu-Era Maftuha qarışıq qoşa, Leyla Camalzadə-Həcər Nuriyeva və Era Maftuha-Keişa Fatimə Zəhra qadınların qoşa mübarizəsində bürüncə yiyələnib.
Azərbaycan Badminton Fedarasiyasının prezidenti Taleh Ziyadov fəxri qonaq qismində “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”nin təltifetmə mərasimində iştirak edib.
Xatırladaq ki, türkdilli dövlətlər arasında ilk beynəlxalq turnir ötən il ölkəmizdə baş tutub.Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan, ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən yarışda ölkəmizlə yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan badmintonçuları iştirak edib. Badmintonçularımız isə bu il olduğu kimi 2023-də keçirilən turnirdə də 9 medalla fərqlənmişdi.