Azərbaycan badmintonçusu Olimpiadaya lisenziya qazandı
- 12 May 2021 23:42
- 788
Azərbaycan tarixdə ilk dəfə Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyanın mətbuat xidməti məlumat yayıb.
Kişilərdən ibarət milli komandanın lideri Edi Reski Dviçayo olimpiadaya lisenziya qazanıb. O, Olimpiya Təsnifat Reytinqində 31-ci yerin sahibi kimi Oyunlarda iştirak hüququna yiyələnib.
Xüsusilə 2019-cu ildə Kamerun və Əlcəzairdəki beynəlxalq turnirlərdə qazanılan qalibiyyət Dviçayonun lisenziya şanslarını əhəmiyyətli dərəcədə artırıb. Avropa Badminton Konfederasiyasının rəsmi saytı Avropadan olimpiadaya lisenziya qazanan badmintonçuların siyahısını dərc edib. Bu, yekun siyahı olmasa da kişi badmintonçuların şəxsi yarışında böyük ölçüdə dəyişikliklər gözlənilmir. Yekun siyahını iyunun 15-də Dünya Badminton Federasiyası açıqlayacaq.
Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması badmintonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı 10 beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib. Dviçayo 29 aprel 2019 - 15 mart 2020 və 4 yanvar 2021 - 15 iyun 2021 tairxlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 24 beynəlxalq turnirdə iştirak edib. Olimpiya Oyunlarında 38 kişi badmintonçu şəxsi kateqoriyada iştirak edəcək. 35 badmintonçu reytinq xalları sayəsində olimpiadada mübarizə aparacaq. Digər 3 lisenziya isə Beynəlxalq Olimpiya Komitəsi, Dünya Badminton Federasiyası və lisenziya əldə edə bilməyən qitədən müvafiq ölkənin yerli federasiyasının daxil olduğu üçtərəfli komissiyanın qərarına əsasən veriləcək.
Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.