Azərbaycan badmintonunun bu günü, badmintonun uşaqların sağlam inkişafında rolu YAZI + FOTOLAR
- 01 Noy 2022 17:00
- 1080
Tarixə qısa nəzər
Son zamanlar yerli federasiyanın fəaliyyəti nəticəsində Azərbaycanda badmintona maraq artmaqdadır. Kütləvilik miqyası ildən ilə genişlənir. Xüsusilə “Shuttle Time” layihəsini bu baxımdan uğurlu iş hesab etmək olar. Badminton idman növü olaraq tennisə bənzəyir. Bəzi mənbələr badmintonun vətəni kimi qədim Malayyanı hesab edir. Bəzi mənbələr isə iddia edir ki, bu idman növü eramızdan əvvəl 5-ci əsrdə çinlilər tərəfindən icad edilib, daha sonra Asiyanın digər ölkələrinə, ondan sonra isə Avropaya gəlib. Fransızlar bir vaxtlar bu idman növünü “volan”, yəni “uçan” adlandırırılar. Tarixi mənbələrdə belə bir fakt da var ki, XIX əsrdə (təxminən 1860-70-ci ildə) badmintonu bir ingilis hersoqu Hindistandan öz ölkəsinə gətirir. Bu hersoqun malikanəsi İngiltərənin Badminton şəhəri yaxınlığında idi. Sonralar bu oyunu həmin şəhərin adı ilə “badminton” adlandırıblar. 1887-ci ildə İngiltərədə Badminton həvəskarları klubu açılmış, 1893-cü ildə dünyada ilk Badminton təşkilatı Ümumingiltərə Badminton Assosiasiyası yaradılmışdır. 1934-cü ildə Beynəlxalq Badminton Federasiyası (İBF) təsis edilmişdir; 1992 ildən Olimpiya Oyunlarının (Barselona) proqramına daxil edilmişdir.
Azərbaycanda təşəkkülü və idman növü haqda ümumi məlumat
Azərbaycanda badminton 1950-ci illərin əvvəllərindən tanınmağa və yayılmağa başlayıb. 60-cı illərdə isə daha da inkişaf edib. 1962 ildə ilk Bakı çempionatı keçirilmiş, Azərbaycan Badminton Federasiyası yaradılmışdır. Azərbaycanda badmintonun təşəkkül tapmasını mərhum Nazim Əliyevin adı ilə də bağlamaq olar. Əslində yazıda məqsədimiz badmintonun tarixindən geniş söhbət açmaq deyil. Sadəcə, qısa məlumatları verməyi lazım bildik. Yazımızın mövzusu bu idman növünün uşaqların həyatındakı faydalı rolu haqdadır. Bizdə adətən valideynlər uşaqlarını daha çox futbol, güləş, cüdo, karate kimi idman növlərinə yazdırmağı üstün tutur. Lakin əminik ki, bu yazını oxuduqdan və badmintonun uşaqların sağlamlığında, inkişafında olan rolunu görüb, həm də bu istiqamətə yönələcəklər.
Öncə ondan başlayaq ki, badmintonu da tennis kimi hamar, lakin bərk örtüklü meydançada oynayırlar. Lakin badminton raketkaları tennisinkindən 2-3 dəfə yüngül olur. Bu mənada uşaqların daha erkən yaşlardan badmintonla məşğul olmasında heç bir problem yoxdur. Bununla belə, mütəxəssislər seçim zamanı daha həvəsli və istedadlı uşaqların seçilməsinə üstünlük verir. Normalda rəqibləri bir-birindən ayıran tor 155 santimetr yüksəklikdə asılır. Daha da dəqiq desək, istifadə olunan torun hündürlüyü yerdən 76 sm, yuxarı həddi isə 155 sm-dir. Oyun meydançası qoşa oynayanlar üçün 13,4x6,1 metr, tək oynayanlar üçün 13,4x5,2 metr olur. Haşiəyə çıxaraq qeyd edək ki, göstərilən qaydalar badmintonla peşəkar şəkidə məşğul olanlar, onların məşq və yarışları üçündür. Əgər sizin badmintona böyük həvəsiniz varsa, bu oyunu istədiyiniz məkanda oynaya bilərsiniz. Hansısa zalda, açıq havada, çəmənlikdə, çimərlikdə və s.
Oyun qaydası
Oyun qaydası demək olar ki, tennislə, voleybolla eynidir. Topu əvəz edən kiçik volanı raketka ilə torun üstündən bir-birinizə ataraq öz meydançanızda yerə düşməsinə imkan vermir, əvəzində rəqibin meydançasında yerə düşməsinə nail olmalısınız. Rəqib topa toxunandan sonra ona yalnız bir dəfə toxunmağa icazə verilir. Yeri gəlmişkən, volanlar plastic kütlədən düzəldilir və kiçik səbətə bənzəyir. Bir badminton topunun orta çəkisi 4,47 ilə 5,50 qram arasındadır. Badminton raketinin ümumi eni 680 mm-dən və halqa sahəsi 230 mm-dən çox olmadıqda ideal sayılır. Bu ölçülər həm böyüklər, həm də uşaqlar üçün keçərlidir. Qaydalarla bağlı daha detallı məlumatları isə yazının irəliləyən bölümündə mütəxəssis rəyindən oxuyacaqsınız.
Uşaqlar üçün inanılmaz faydaları
Gələk badmintonun uşaqlar üçün faydalı tərəflərinə. İlk növbədə ondan başlayaq ki, kiçik yaşlı uşağı idmana yönləndirməyin özü, artıq böyük bir faydalı iş sayılır. Bu mənada övladınız badmintonu seçməklə, sağlam həyatı seçir.
Görmə qabliyyətini yaxşılaşdırır
Badmintonu seçən uşaqlarda ilk növbədə görmə qabliyyəti inkişaf edir və daha iti olur. Çünki oyun zamanı həm rəqibə, həm topa baxır, eyni zamanda raketkanı gələn volanın istiqamətinə uyğun olaraq tarazlayır. Davamlı məşğuliyyət fonunda uşaqlarda görmə qabliyyəti xeyli yaxşılaşır. Eyni anda həm diqqətlə baxmaq, həm də qərarlar vermək özü-özlüyündə uşaqların psixomotor bacarığını inkişaf etdirir.
Çeviklik
İkinci vacib bir məqam çeviklikdi. Çünki badminton oyunu zamanda oyunçulardan çeviklik tələb olunur. Sən gələn volanın istiqamətini müəyyən etməklə bərabər, o istiqamətə çatıb onu yerə düşmədən geri qaytarmalısan. Davamlı məşğuliyyət zamanı bu, uşaqlarda vərdiş halını alır və onlarda çeviklik yaradır. Çevik davranış isə adi həyada da insanların dadına çatır.
Refleks
Üçüncü vacib məqam reflekslərin inkişafıdır. Yuxarıda badmintonla məşğul olan uşaqların daha çevik olmasını qeyd etdik. Məlum məsələdir ki, çeviklik həm də sürətli reflekslər hesabına yaranır. Yəni sənin reflekslərin nə qədər sürətli olarsa, cəldliyin və çevikliyin də bir o qədər çox olacaq. Bu mənada badmintonla məşğul olan uşaqlarda həm də sürətli reflekslər formalaşır ki, bu da adi həyatda onların işinə yarayır.
Koordinasiya
Dördüncü vacib məqam koordinasiya ilə bağlıdır. Hansı ki, uşaqların sağlam və erkən inkişafında bu amilin də xüsusi rolu var. Tennisdə olduğu kimi, “badminton”da da “çernok” vacib şərtdir. Bu ifadədən daha çox futbolda istifadə olunur. Yəni yerindən ani sürət, ani sıçrayış. Məsələn, futbolda kimin start sürəti, sıçrayışı daha daha yaxşı olsa, topa da onun ilk çatmaq şansı yüksək olur. Badmintonda da yerindən start, sıçrayış kimdə daha cəld olsa, onun da qələbə şansı daha çox olur. Çünki volana daha tez çatıb daha tez və dəqiq zərbə endirirsən. Start sürətin zəif olsa, volana vaxtında yetişə bilmirsən, məğlub olursan. Bütün bunlar koordinasiyanın vacib şərtləridir. Koordinasiya həm də tarazlıq və konsentrasiya deməkdir. Ard-arda gələn atışları anında dəf etmək üçün səndə cəldlik, çevikliklə yanaşı özünü tarazlamaq bacarığı da yüksək olmalıdır ki, bütün zərbələri dəf edə biləsən. Gördüyünüz kimi, kiçik yaşlarda badmintonla məşğul olmağın uşaqlar üçün əsas üstünlüklərindən biri də odur ki, onlarda erkən yaşlarda sürət, cəldik, çeviklik, koordinasiya, tarazlıq və konsentrasiya inkişaf edir. Hansı ki, bu bacarıqlar sonradan həyatın başqa sahələrində də onların çatacaq.
Dözümlülük
Beşinci vacib məqam dözümlülükdür. Erkən yaşlardan badmintonla məşğul olmaq uşaqlarda fiziki təkmilləşməyə səbəb olur, onların dözümlülüyünü artırır. Badmintonun əsas üstünlüklərindən biri də odur ki, onunla məşğul olan zaman insan orqanizminin demək olar ki, bütün orqanları oyunda iştirak edir. Beyin düşünür, göz görür, raket tutan əllər və biləklər gələn zərbələri dəf edir, ayaqlar trekin bir tərəfindən digər tərəfinə qaçır.
Geyim dəsti və inventar
Uşaq badminton dəstinə nə daxildir? Bəribaşdan deyək ki, bunun üçün əlçatmaz resurslar tələb olunmur. Məsələn, futbol, boks, taekvando, qılıncoynatma, reqbi və s. idman növlərində olduğu kimi, xüsusi geyimlərə ehtiyac yoxdur. Adi sport geyim, şort və mayka kifayət edir. Ən əsası da raket və volan. Hansı ki, bütün bunları əldə etmək çox asandı.
Bu arada uşağınıza badminton avadanlıqlar alarkən, mütəxəssislə məsləhətləşməyiniz də pis olmaz. Çünki bəzən oyun zamanı raket əldə sürüşə bilir. Eləcə də idman ayaqqabısı örtüyə uyğun olmur, ya yerə həddindən çox yapşır, ya da sürüşür. Halbuki uşaq badmintonunda idman ayaqqabısının yüngül və elastik olması şərtdir. Bu, həm də övladınızı zədələrdən qoruyur.
Azərbaycanda uşaq badmintonunun bu günü
Bəs Azərbaycanda badminton hanı səviyyədə inkişaf edib,ölkəmizdə bu idman növü ilə məşğul olmaq üçün hansı imkanlar var? Bu və digər mövzularla bağlı daha dəqiq məlumat almaq üçün isə mütəxəssisə müraciət şərt idi. Həmsöhbət seçimimiz badminton üzrə mütəxəssis Orxan Qələndərov oldu. Çünki Orxan bəy elə mövzumuza uyğun olaraq daha çox uşaq badminton ilə məşğul olur, öz təşəbbüsü, təsisçiliyi ilə Bakıda “Volan” Badminton klubunu yaradıb hazırda xeyli uşaq həmin klubda badmintonun sirrlərini öyrənir. Həmsöhbətimiz də uşaqların badmintonla daha erkən məşğul olmasını onların sağamlığı üçün vacib sayır: “Uşaqlar üçün badmintonla məşğul olmaq 5 yaşdan tövsiyyə olunur. Daha aşağı yaşdan başlamaq bir qədər çətin olar, o mənada ki, daha aşağı yaşlı uşaqlar üçün raketkanı tutmaq, idarə etmək çətinlik yaradar. Əvəzində daha aşağı yaşda gimnastika ilə məşğul olub badminton gəlirsə, həmin uşaq digərləri ilə müqaysədə bir addım öndə olur. 5-8 yaş uşaqlar üçün badmintona başlamaq üçün ən uyğun yaş dövrü hesab olunur. Daha yuxarı yaşlarda başladıqda bir qədər çətin olur. Çünki bəzi əzələlər 5-6-7 yaşında formalaşdığı üçün 10-11 yaşında badmintona başlamaq gecikmiş sayılır. Amma ümumilikdə 5-15 yaşlı uşaqları bu idman növünə qəbul edirik. Gecikmiş uşaqlar peşəkar səviyyədə idmançı olmasalar da, ən azı badmintonun sirrlərini öyrənmiş olurlar və asudə vaxtlarını daha səmərəli keçirirlər”.
Həmsöhbətimizin sözlərinə görə, badmintonla məşğul olmaq baxımından böyüklər və uşaqlar arasında ciddi fərq yoxdur: “Raketkanın, volanın, meydançanın ölçüləri həm böyüklər, həm də uşaqlar üçün demək olar ki, eynidir. Yalnız raketkalarda növünə görə dəyişə bilir. Məsələn atak raketkasıdırsa, bir qədər ağır ola bilər. Standard raketkaların ağırlığı 80-85 qram olur. Keçirilən yarışlar arasında da heç bir fərq yoxdur. Böyüklər arasında keçirilən yarışlar da iki setdən, hesab isə 21-dən olur. Həmçinin də uşaqlarda. Hesab 1:1 olarsa üçüncü set oynanılır”.
Sağlamlığa növbəti təkan
Orxan bəy də badmintonun uşaqlar üçün faydalarına toxundu və yazının girişində yazdıqlarımızı təsdiqlədi: “Badminton, ümumiyyətlə, cəmiyyət üçün faydalı idman növdür. Uşaqların gözlərinin inkişafı üçün xüsusi rolu var. Çünki bu idman növündə göz davamlı hərəkətdə və izləmədə olur, topun yaxına və uzağa gedişini gözlə davamlı izləmək faydalıdır. Davamlı hərəkətdə olmaq, atılıb-düşmək sümüklərin, oynaqların inkişafına kömək edir, zəkaları daha da artır. Çünki volan dünyanın ən sürətli topudur və bu topu davamlı müşayətdə saxlamaq, onu idarə etmək həm də zəkanən inkişafına təkan verir. Çünki sürətli topa sürətli reaksiya vermək üçün sürətli düşünmək lazımdır. Eyni zamanda, badmintonla məşğul olmaq ürək, qan-damar sistemi və uşaqların yuxu rejimi üçün də çox faydalıdır. Ümumiyyətlə, indiki dövrdə uşaqları müasir texnalogiyadan, telefondan, kompyuterdən, sosial şəbəkələrdəm uzaq tutmaq üçün idman çox vacib və faydalı sahədir”.
Bir qədər də yarışlar və badmintona maraq haqda
Həmsöhbətimiz ölkəmizdə bu idman növü üzrə keçirilən yarışlara da toxundu: “Bizdə 8 yaşından etibarən yarışlar keçirilməyə başlanır. Məsələn, bu il 2013-14-cü il uşaqlar arasında yarış olacaq”.
Badmintona Azərbaycanda marağa gəlincə, Orxan bəy bu haqda da fikirlərini bölüşdü: “Hazırda uşaqlarda bu idman növünə maraq əvvəlki illərlə müqayisədə daha çoxdur. Həm federasiyamızın bu yöndə apardığı təbliğat, həm bizim “Volan” klubunun apardığı təbliğat, sosial şəbəkə üzərindən fəaliyyəti, paylaşımları, reklamı bu idman növünə marağı daha da artırıb. Ukraynanın ən güclü badmintonçularından olan Yevgeni Paştaryoq, hazırda Azərbaycanda çalışır və sırf gənclərlə işləyir. Biz isə klublar, idman məktəbləri olaraq, uşaqları yetişdirib milli komandaya göndəririk, orada onlar federasiyanın xətti ilə öz peşəkar karyeralarını davam etdirirlər. Şəxsən mənim öz tələbəm var Fərəc Kərimli, 2011-ci il təvəllüdlüdür, artıq milli komandaya dəvət alıb. Deyərdim ki, badmintonçularımız artıq Avropa səviyyəli yarışlarda da sözlərini deməyə başlayıblar. Leyla adlı bir qızımız var, beynəlxalq turnirdə öz yaş kateqoriyasında bürünc medal qazandı”.
Bakı tək deyil…
Onu da deyək ki, son illər bu idman növü Azərbaycanda da daha geniş yayılmağa başlayıb və tək Bakıda deyil, bölgələrdə də bu idman növü ilə məşğul olmaq mümkündür. Orxan bəy bu haqda da geniş məlumat verdi: “Bizim “Volan” klubu hazırda 2 nömrəli tibb kollecində fəaliyyət göstərir və bu fəaliyyət müddəti artıq 5 ildir. Hər gün axşam saat 18:00-dan 20:00-a kimi “uşaq saatı”dir. Yerli və əcnəbi məşqçilər uşaqlara badmintonun sirrlərini öyrədir. Mən özüm də neçə illik təcrübəmi uşaqlarla bölüşürəm. Məşqlər həftə ərində 2-3 gün olur və istənilən valideyn uşağını gətirib bizim kluba yazdıra bilər. Bunun üçün raketka, hansısa başqa avadanlıq alıb gətirməyə də ehtiyac yoxdur, hamısını özümüz təmin edirik. Hazırda beş meydança ilə uşaqların və eyni zamanda böyüklərin xidmətindyik. Badmintonun bir üstünlüyü də odur ki, təmassız, təhlükəsiz idman növüdür. Bakıdan başqa təbii ki, bölgələrimizdədə bu idman bövü ilə məşğul olmaq üçün şərait var. Məsələn Lənkəranda bir-neçə yerdə badminton məşqləri keçirilir, o cümlədən Gəncədə, Sumqayıtda, Quba və Qusar zonasında, Naxçıvanda da badminton bölmələri var. Hətta deyim ki, Gəncədən öz yaş dərəədəsində ölkə çempionu da yetişib. Bu yaxınlarda Xırdalanda da Xırdalan Olimpiya Kompleksində badminton bölməsi açılıb”.
Anar XANLAROV