Gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ilk yarış gününün qalibləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edir.

Kişilərdə körpücük üzərinə əvvəlcə 55 kq çəki dərəcəsində atletlər çıxıblar. Toplam 215 kq (95+150) nəticə ilə Dəniz Cabbarlı qızıl, 162 kq-la (71+91) Xəyyam Allahverdiyev gümüş, 160 kq-la (70+90) Dəniz Bağırov isə bürünc medal qazanıb.

Çəkisi 61 kq-a qədər olan atletlərin yarışında Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ümumilikdə 240 kq (110+130) nəticə ilə rəqiblərini üstələyib. 202 kq (91+111) nəticə ilə Orxan İmanov gümüş, 200 kq-la (94+106) Ramiz Kərimov bürünc medala sahib çıxıb.

Azərbaycan birinciliyinə oktyabrın 6-da yekun vurulacaq.