May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib.

Rekord.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İlk yarış günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlarda 49 və 55 kq, həmçinin 17 yaşa qədər oğlanlarda 49 kq çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək.

Artıq ilk qaliblər müəyyənləşib. Yaşı 15-ə qədər olan qızlar arasında 40 kq çəki dərəcəsində Gülşən Hüseynova, 49 kq çəki dərəcəsində Türkan Qənbərzadə, 64 kq-da Zəhra Niftəliyeva, 76 kq-da Arzu Qədimov, yaşı 17-yə qədər olan qızlar arasında isə 49 kq-da Selcan Qarayeva, 76 kq-da Rəhilə Hüseynzadə Azərbaycan birinciliyində qızıl medala layiq görülüblər.

Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.