Azərbaycan birinciliyinə yekun vuruldu
- 08 May 2022 22:25
- 604
Yeniyetmələr (U-15) arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Rekord.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən və üç gün davam edən yarışa 92 klub, cəmiyyət və idman təşkilatından 576 (117 qız, 459 oğlan) cüdoçu qatılıb.
Birinciliyin sonuncu günündə həm oğlanlar, həm də qızlar arasında 4 çəki dərəcəsində qaliblər müəyyənləşib. 3 gün davam edən yarışda 15 yaşadək yeniyetmələr arasında 20 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 3-cü yerə isə “Neftçi” İdman Klubu layiq görülüb. 37 komanda müxtəlif əyarlı medal qazanıb.
Müxtəlif çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar medal və diplomlarla təltif edilib.
Azərbaycan cüdo ailəsinin bir sıra üzvləri, cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev, vitse-prezident Elnur Məmmədli və milli yığma komandamızın bir neçə aparıcı idmançısı da yarışan yeniyetmə cüdoçularımıza dəstək olmaq üçün ölkə birinciliyində iştirak ediblər. Rəşad Nəbiyev yarışın sonuncu günü təltifetmə mərasimində qalib gələn medalçılarımızı təbrik edib və onlara gələcəkdə uğurlar arzu edib.