Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
- 19:20
- 36
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Ardınca çıxış edən Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, ölkəmizdə boks yarışlarının keçirilməsi ənənəyə çevrilib və il ərzində bir sıra beynəlxalq turnirlərin təşkili nəzərdə tutulub.
Hüseynov vurğulayıb ki, yarışda 319 iştirakçıdan 39-nun qız boksçu olması sevindiricidir: “Azərbaycan birinciliyinə ölkə xaricindən də beynəlxalq dərəcəli hakimlər dəvət edilib. Ən güclülərdən formalaşacaq yeniyetmə boksçulardan ibarət millimizdən hər il olduğu kimi, bu il də beynəlxalq arenalarda uğurlu nəticələr gözləyirik”.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Mikayıl Novruzov yarışın əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar arzulayıb.
Dövlət Himni səsləndirildikdən sonra birincilik açıq elan olunub.
Qeyd edək ki, fevralın 9-da başa çatacaq yarışda 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu mübarizə aparacaq. Birincilikdə oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcəklər.