Azərbaycan boksçuları Avropa Oyunlarını “Top-7”də başa vurdu
- 02 İyl 2023 19:45
- 345
Polşada keçirilən 3-cü Avropa Oyunlarında boks üzrə yarışlar başa çatıb.
Rekord.az xəbər verir ki, 42 ölkənin iştirakı ilə 10 gün davam edən mübarizənin yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb.
Avropa Oyunlarında 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala yiyələnib. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə yarışı 7-ci pillədə başa vurub. Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir.
Ümumilikdə 18 ölkə Polşada medala sahib olub. Onlardan isə cəmi 6-sı çempionluq sevinci yaşayıb.
Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya qərarlaşdığı halda, 3-cü pilləyə Bolqarıstan və Böyük Britaniya şərik olub.
Yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu eyni zamanda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.