Azərbaycan borcundan çıxır, qalır Türkiyə...
- 12 May 2023 10:36
- 7853
Fevralın 6-da qardaş Türkiyənin bir çox vilayətlərində dəhşətli zəlzələ yaşandı, xeyli insan ev-eşiyini, həyatını itirdi. Baş verənləri biz də üzüntü ilə qarşıladıq. Azərbaycan xalqı bir yumruq kimi birləşdi, Türkiyənin yanında olduq. Kimin nəyə gücü çatdısa, onu da türkiyəli qardaşlarımıza göndərdik. Xilasedicilərimiz, həkimlərimiz ilk gündən faciənin miqyasının azaldılması, nəticələrin aradan qaldırılmasında ürəklə çalışdılar.
Elin gücünün selin gücünə çevrilməsində, qardaş Türkiyəyə dəstək prosesində futbol camiəsi də yaxından iştirak etdi. Zəlzələdən zərər çəkənlərə göndərilən yardımlarda onların da böyük payı oldu, yardım qutularını daşıyanlar arasında şəxsən futbolçular da var idi.
Bu dəstəyin ən gözəl görüntülərindən birinə Bakı Olimpiya Stadionunda şahidlik etdik. İki ölkənin qüruruna çevrilmiş “Qarabağ”la “Qalatasaray” on minlərlə azarkeşi BOS-un tribunalarına topladı, ölkə başçısı cənab İlam Əliyevin də izlədiyi qarşılaşmadan əldə olunan gəlir Türkiyəyə göndərildi. “Qarabağ” klubunun bu xoş məramı, azarkeşlərimizin klubların çağırışına sevə-sevə səs verməsi uzun müddət Türkiyə mətbuatının da gündəmində oldu.
Dəhşətli zəlzələdən üç ay ötsə də, yardımlar hələ bitməyib. Sabah Bakıda xeyriyyə məqsədi ilə daha bir qarşılaşma keçiriləcək. Bu dəfə “Sabah” İstanbulun digər klubu “Beşiktaş”ı ünlü referimiz Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda qəbul edəcək. “Qarabağ” – “Qalatasaray” oyununda olduğu kimi, bu dəfə də bilet satışından və digər mənbələrdən əldə olunan gəlir fevraldakı zəlzələnin nəticələrini aradan qaldırmağa göndəriləcək. Bilet satışının sürətlə getməsi, “Sabah” klubunun yüksək təşkilatçılığı alqışlanmalıdı. Nəzərə alaq ki, bizimkilər xeyli vaxtdı ki, bu görüşün keçirlməsinə təşəbbüs göstərirdi. “Beşiktaş” Madrid “Atletiko”su ilə görüşdükdən sonra Bakıya gəlmək üçün plan qurmağa başladı. Sevindirici haldır ki, görüş baş tutacaq. Azərbaycanlı azarkeşlər həm sevimli klubunu görmək, həm də türkiyəli qardaşlarımıza daha bir vəfa borcunu ödəmək imkanı qazanacaq.
Bəli, biz növbəti dəfə vəfa borcumuzu ödəyirik. İndi sıra Türkiyədədir. Mən hansısa formada maddi dəstəyə, yaxud da İstanbula “Qarabağ”la “Sabah”ın dəvət olunmasına işarə vurmuram. Sizin də yadınızda olar, “Qarabağ”la “Qalatasaray”ın qardaşlıq görüşü ərəfəsində və ondan sonra geniş müzakirələr başlamışdı. İstanbul klubunun rəsmiləri Bakıda gördükləri qonaqpərvərlikdən cuşa gəlib, Azərbaycan futbolu ilə əlaqələri genişləndirmək təşəbbüsləri irəli sürürdülər. TFF-yə təklif olunurdu ki, azərbaycanlı futbolçular üçün “yaşıl işıq” yandırılsın, bizimkilər qardaş ölkədə legioner sayılmasın. Nədənsə, bu təkliflər elə söz olaraq da qaldı. Bir az da bədbin düşünəndə, həmin təkliflərin unudulduğunu da düşünmək olar.
Bəli, prosedurun özü mürəkkəbdir, bizimkilərin Türkiyə klublarında özünə yer tutmağı bacaracağı o qədər də real görünmür. Amma müzakirələri davam etdirmək, ən azından uşaq akademiyaları səviyyəsində əlaqələri sürətləndirmək mümkün idi. Təəssüf ki, “Qalatasaray”ın səsləndirdiyi təklifə, əlaqələrin möhkəmləndirilməsi təşəbbüsünə nə digər klublardan dəstək gəldi, nə də TFF-dən. Ümid edək ki, başları qalmaqallardan ayılanda, səsimizə səs verəcəklər.