Azərbaycan çempionatı ərəfəsində hakimlər və məşqçilər üçün seminar
- 03 Dek 2019 20:46
- 1105
Dekabrın 4-dən 6-dək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Rekord.az xəbər verir ki, bu gün yarışın keçiriləcəyi “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbər şəxslərinin iştirakıyla hakimlərin seminarı baş tutub.
AGF-nin baş katibi Orxan Məmmədov, AGF-nin vitse-prezidenti Elçin Cəfərov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, İdman şöbəsinin müdiri Yaqub Məmmədov, eləcə də Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Tofiq Eyvazovun da qatıldığı tədbirin əvvəlində bu yaxınlarda beynəlxalq dərəcəli hakim ünvanına sahib çıxan Eldar Məmmədov və Xəyal Əliyevə müvafiq vəsiqələr təqdim olunub, onlara uğurlar arzulanıb.
Daha sonra çıxış edən Elçin Cəfərov görüşlərin idarəçiliyində hakimlərdən maksimum diqqətli olmağı, obyektivliyi qorumağı, o cümlədən çəki mərasimində qaydalara tam riayət etməyi tələb edib.
İclasın qalan hissəsində Qəribə Əliyev idarəçilik qaydaları ilə bağlı maarifləndirici məlumatları və son yenilikləri ədalət təmsilçilərinin diqqətinə çatdırıb. Ona bu işdə olimpiya kateqoriyalı hakim Hicran Şərifov yardımçı olub.
Daha sonra yunan-Roma güləşi üzrə məşqçilərin seminarı təşkil olunub. Elçin Cəfərov çıxış edərək klub və cəmiyyətlərdə çalışan mütəxəssislərə məsuliyyətli olmağı, güləşçilərə ciddi nəzarət etməyi, intizam kodekslərinə riayət etməyi qətiyyətlə tapşırıb. Sonda yığmamızın baş məşqçisi Aleksandr Tarakanov güləşçilərin çıxışını diqqətlə izləyəcəyini bildirməklə yanaşı, ən yaxşı pəhləvanların lisenziya yarışlarında ölkəmizi təmsil edəcəyini bildirib.