Azərbaycan çempionatı: İkinci yarış gününün qalibləri bəlli oldu
- 14 May 2022 23:18
- 581
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.
İkinci yarış günündə yaşı 15-ə qədər olan oğlanlarda 61 və 67 kq, yaşı 17-yə qədər oğlanlarda isə 55, 61 və 67 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gəlib.
Yaşı 17-yə qədər olan atletlərdə 55 kq çəki dərəcəsində medalçılar müəyyənləşib. Toplam 178 kq (78+100) nəticə ilə Qazax idmançısı Amin osmanov bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Toplam 174 kq nəticə nümayiş etdirən iki atletdən Ramil Kazımov (82+92) gümüş, Dəniz Cabbarlı (78+96) isə bürün medalçı adına layiq görülüb.
Yaşı 15-ə qədər olan oğlanlarda 61 kq çəki dərəcəsində toplam 192 kq (88+104) nəticə ilə Sumqayıt idmançısı Turan Əliyev qalib adına layiq görülüb. Toplam 188 kq (85+103) nəticə ilə Əli Məhərrəmzadə gümüş, toplam 173 kq (80+93) nəticə ilə Akif Abdullayev bürünc medal qazanıb.
Yaşı 17-yə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində toplam 218 kq (98+120) nəticə ilə Qazax idmançısı Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplam 185 kq (85+100) nəticə ilə Emil Quliyev gümüş, toplam 166 kq (76+90) nəticə ilə Əmrah Osmanov bürünc medal qazanıb.
Günə yaşı 15 və 17-yə qədər olan atletlərin 67 kq çəki dərəcəsində mübarizəsi ilə yekun vurulub. Toplam 164 kq (74+90) nəticə ilə Abşeron təmsilçisi Məmməd Əhmədzadə 15 yaşlılarda, toplam 267 kq (117+150) nəticə ilə Qazax təmsilçisi Ravin Alməmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.