Qadın həndbolçuların Azərbaycan çempionatında daha iki turun oyunları keçirilib. 

Rekord.az xəbər verir ki, “AHF Arena”da baş tutan 11-ci turda “Azəryol” və “İdman Akademiyası” komandalarının görüşü olduqca gərgin və maraqlı mübarizə ilə yadda qalıb.

Fasiləyə 16:16 hesabı ilə yollanan rəqiblər ikinci hissədə də qalibi müəyyənləşdirə bilməyiblər - 27:27. Penalti seriyasında isə daha dəqiq oynayan “İdman Akademiyası” yarışın lideri ilə dueli qələbə ilə başa vurub – 31:29. Ardınca meydançaya çıxan U-16 və “Azərsu” komandalarının qarşılaşmasında isə “Azərsu” favorit statusunu təsdiqləyib – 31:18.

Bu komandaların 12-ci turdakı görüşündə isə fərqli nəticə qeydə alınıb. Meydançaya revanş hissi ilə çıxan U-16 gərgin mübarizə şəraitində keçən oyunu 23:22 hesablı qələbə ilə bitirməyi bacarıb. 
“Azəryol” da öz növbəsində bir tur əvvəlki məğlubiyyətin əvəzini çıxıb. “İdman Akademiyası”nın bütün cəhdlərinə baxmayaraq, oyunun hər iki hissəsini yüksək səviyyədə keçirən rəqib 44:26 hesabı ilə qələbə qazanıb.

“Azəryol” 28 xalla çempionatın lideridir. “Qarabağ” ondan 5 xal geri qalır. “İdman Akademiyası” 14 xalla 3-cü, “Azərsu” 9 xalla 4-cü pillədə qərarlaşıb. Mövsümdə ilk qələbəsini qazanan U-16 3 xalla sonuncu yerdədir.