Azərbaycan çempionatı start götürür
- 14 Dek 2022 14:12
- 640
Dekabr 15-də voleybol üzrə 2022/2023 illər mövsümündə Azərbaycan çempionatı start götürəcək. "Rekord.az" xəbər verir ki, mövsümün ilk qarşılaşmaları kişi voleybolçular arasında Yüksək Liqa çərçivəsində baş tutacaq.
İlk olaraq debütant "Xarı bülbül" və "MOİK" komandaları mübarizəyə qoşulacaqlar. Saat 14:00-da başlayacaq bu görüşdən sonra həm qadın, həm də kişi voleybolçuların birinciliklərinin rəsmi açılış mərasimi təşkil olunacaq.
Qadınların çempionatında bu mövsüm yenilik edilib. Belə ki, əvvəllər Super Liqa adlanan birincilik bu ildən kişilərin çempionatında olduğu kimi, Yüksək Liqa adlanacaq. Hər iki yarışda 4 komanda çempionluq üçün mübarizə aparacaq.
Qadınların mübarizəsində "Azərreyl", "Abşeron", "Murov" və "UNEC" klubları, kişilərin birinciliyində isə "MOİK", "Neftçi", "Murov" və mədəniyyət paytaxtımız Şuşanı təmsil edəcək “Xarı bülbül" kollektivləri çıxış edəcəklər.
Qadın və kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.
Çempionatların açılış mərasimi və oyunlar "Voleybol Mərkəzi"də keçiriləcək.
Dekabrda, həmçinin qadın və kişi voleybolçular arasında I liqa yarışlarına da start veriləcək.
Qeyd edək ki, sabah kişi voleybolçulardan ibarət "Murov" klubunun avrokubok matçı da baş tutacaq. "Challenge Cup"ın 1/8 final mərhələsi çərçivəsində saat 18:00-da başlanacaq bu qarşılaşmada rəqib Niderlandın "Orion" kollektivi olacaq. Cütün Niderlandda keçirilmiş ilk oyununda təmsilçimiz məğlub olmuşdu.
15 dekabr (proqram)
Azərbaycan çempionatı Yüksək liqa (kişilər)
14:00 “Xarı bülbül” - MOİK (I tur)
16:00 Azərbaycan çempionatının rəsmi açılış mərasimi
"Challenge Cup"
1/8 final mərhələsi
18:00 "Murov" - "Orion"