Azərbaycan çempionatında da oyunlar azarkeşsiz keçiriləcək - ƏMR
- 10 Mar 2020 18:20
- 631
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Birinci Divizionun 19 və 20-ci, Premyer Liqanın 21 və 22-ci turlarının azarkeşsiz keçirilməsi haqqında əmr imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb:
“Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib. Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.
Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan və ölkəmizdə virusa qarşı aparılan mübarizə ilə əlaqədar Birinci Divizionun 19 və 20-ci, Premyer Liqanın 21 və 22-ci turları azarkeşsiz keçirilsin.
Oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunsun. Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibi komanda təmin etsin.
PFL-in prezidenti Ramin Musayev”.