Azərbaycan çempionatında növbəti oyunlar baş tutub
- 28 Fev 2024 21:38
- 232
Voleybol üzrə Azərbaycan çempionatında həm qadın, həm də kişilərin Yüksək Liqasında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində ilk olaraq meydana qadınlardan ibarət “AZERRAIL” və “Abşeron” klubları çıxıblar.
İlk setdən təşəbbüsə yiyələnən “Abşeron” 3:0 hesabı ilə qələbə qazanıb. Qadın voleybolçuların növbəti oyunu isə Gəncədə baş tutub. Bu matçda “Murov Az Terminal”ı qəbul edən meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Kişilərin mübarizəsində isə “AZERRAIL” və “Neftçi” klubları üz-üzə gəliblər. Bu qarşılaşmadan “AZERRAIL” 3:0 hesablı qələbə ilə ayrılıb.
Hazırda qadınların turnir cədvəlinə “AZERRAIL” 36 xalla (12 qələbə) liderlik edir. “Abşeron” 33 xalla (11 qələbə) 2-ci, “Murov Az Terminal” 32 xalla (11 qələbə) 3-cü, “Gəncə” 21 xalla (7 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Kişilərin turnir cədvəlində isə “AZERRAIL” 30 xalla (10 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal”ın 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
28 fevral
XV tur
Yüksək Liqa (qadınlar)
“AZERRAIL” - “Abşeron” 0:3 (16:25, 22:25, 24:26)
“Gəncə” - “Murov Az Terminal” 3:0 (25:10, 25:16, 25:23)
Yüksək Liqa (kişilər)
“AZERRAIL” - “Neftçi” 3:0 (25:19, 25:19, 25:22)