
Azərbaycan çempionatında yarımfinalçılar bəlli oldu
- 13 Apr 2025 22:31
- 88
Qadın voleybolçuların Yüksək Liqasının ilkin mərhələsi başa çatıb. "Rekord az" xəbər verir ki, ilkin mərhələdə turnir cədvəlində ilk dörd pillədə qərarlaşan “Abşeron”, “Milli Aviasiya Akademiyası”, “AZERRAIL” və “Gəncə” komandaları pley-offa vəsiqəni rəsmiləşdiriblər.
5-ci yeri tutan “Murov Az Terminal” və sonuncu olan UNEC ölkə birinciliyində mübarizəni dayandırıblar.
Yarımfinalda çempionatın lideri “Abşeron” dördüncü yerin sahibi “Gəncə” klubu ilə görüşəcək. Digər yarımfinal matçı isə “Milli Aviasiya Akademiyası” (2-ci yer) və “AZERRAIL” (3-cü yer) kollektivləri arasında baş tutacaq. Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşəcək.
Qeyd edək ki, qadın voleybolçuların pley-off mərhələsinin oyunları aprelin 15-də və 17-də baş tutacaq.