Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib. 

Rekord.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə ilk "5-lik"də qərarlaşan şahmatçılar mükafat alıblar.

Karyerasında ilk dəfə Azərbaycan çempionu olan Aydın Süleymanlıya medal və diplom verilib. Çempion eyni zamanda 12 min manat pul mükafatı qazanıb.

Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, eləcə də AŞF-nin Birinci vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.

Aydın Süleymanlı finalda Məhəmməd Muradlıya qalib gəlib. 3-cü yer uğrunda görüşdə Xəzər Babazadəni məğlub edən Vüqar Rəsulov isə bürünc medala sahib çıxıb. İlk üç yerin sahibi AŞF hesabına şəxsi Avropa çempionatında iştirak edəcək.