Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı
- 29 May 2023 17:20
- 322
“AHF Arena”da kişilər arasında keçirilən son iki turun oyunları ilə həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, 27-ci turun ən maraqlı görüşündə “İdman Akademiyası” ilə “Bakı” üz-üzə gəlib.
Gərgin mübarizə ilə yadda qalan oyunun əsas vaxtı 39:39 hesabı ilə bitdiyindən məsələyə aydınlıq gətirmək üçün penaltilərə ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən “tələbələr” növbəti qələbəni rəsmiləşdiriblər - 42:41.
Turun digər oyunlarında “Məhsul” “Dinamo”ya 35:27, “Təhsil” RİOEUGİM-ə 28:13 hesabı ilə qalib gəlib.
“Bakı” ilə “İdman Akademiyası”nın 28-ci turdakı dueli də gərgin və maraqlı mübarizə şəraitində keçib. Bu qarşılaşmanın da əsas vaxtı bərabərliklə bitib – 35:35. Penaltilərdən bu dəfə daha yaxşı yararlanaraq “Bakı” istəyini reallaşdıra bilib – 37:36. “Dinamo” – “Məhsul” görüşü 13:17, RİOEUGİM – “Təhsil” matçı 19:24 hesabı ilə nəticələnib.
Sonra ölkə çempionatının bağlanış mərasimi olub. 28 may Müstəqillik günü münasibəti ilə iştirakçıları təbrik edən AHF-nin baş katibi Yusif Atakişiyev, İdman şöbəsinin müdiri İsgəndər Əsgərov, Olimpiya çempionu Lyudmila Şubina budəfəki çempionatın daha gərgin mübarizə şəraitində keçdiyini bildirib, bu mövsüm komandaların sayının artırılmasını sevindirici hal kimi qiymətləndiriblər.
Dövlət himni səsləndirildikdən sonra komandalara diplom medal və hədiyyələr təqdim olunub.
Nəticələrə əsasən, kişi həndbolçular arasında “İdman Akademiyası” 60 xalla Azərbaycan çempionu adına layiq görülüb. “Dinamo” 52 xala ikinci, “Məhsul” 50 xalla üçüncü yeri tutub.
Qadınlar arasında mübarizədə isə “Azəryol” qızıl, “Qarabağ” gümüş, “İdman Akademiyası” isə bürünc medallara layiq görülüb.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda ümumilikdə 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi mübarizə aparıb.