Azərbaycan cüdoçuları Antalyada beynəlxalq təlim-məşq toplanışında
- 04 Apr 2023 21:20
- 361
Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Rekord.az xəbər verir ki, hazırlıq prosesinə böyüklərdən ibarət milli komandanın 23, gənclər yığmasının isə 14 üzvü qatılıb.
Cüdoçulara qurumun vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, performans direktoru Mark van der Ham, əsas millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçisi Elxan Rəcəbli rəhbərlik edirlər.
Təlim-məşq toplanışı 7-13 mayda Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
Aprelin 3-də start götürən hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir. Toplanışa aprelin 8-də yekun vurulacaq.