Azərbaycanın gənclərdən ibarət komandası martın 24-də Almaniyanın Bremen şəhərində keçirilən Beynəlxalq Bremen Masters turnirində rekord sayda qızıl medal qazanaraq tarix yazıb.

Rekord.az xəbər verir ki, istedadlı gənc idmançılar 4 qızıl və 3 bürünc medal qazanaraq medal sıralamasında Yaponiyanı, Özbəkistanı və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar.

Xatırladaq ki, Azərbaycan cüdoçuları ötən il Bremendə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda 1-ci yeri tutmuşdular.

-66 kq. çəkidə Məhəmməd Musayev, -73 kq. çəkidə Süleyman Əliyev, -90 kq. çəkidə Aslan Kotsoyev, +100 kq. çəkidə Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

-60 kq. çəkidə Babarəhim Mirzəyev, -66 kq. çəkidə İslam Rəhimov və -90 kq. çəkidə Tuncay Şamil bürünc medal əldə ediblər.

Məlumdur ki, Bremen Masters turnirinin keçmiş qalibləri Dünya çempionatları və Olimpiya Oyunları kimi böyük beynəlxalq turnirlərdə uğur qazanıblar. Bremen Masters turnirinin əvvəlki qalibləri arasında Olimpiya çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf var idi.