Azərbaycan cüdoçusu finalda uduzdu
- 28 Yan 2022 22:32
- 643
Portuqaliyanın Almada şəhərində cüdo üzrə qran-pri turnirinə start verilib.
Rekord.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 2 idmançısı qüvvəsini sınayıb. Onlardan biri mükafatçılar sırasına yüksəlməyi bacarsa da, digər cüdoçumuz uğursuzluğa düçar olub.
Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev 1/16 finalda Bahrom Boturov (Özbəkistan) üzərində qələbə qazanıb. Növbəti iki cəhdində İsveç və Monqolustan təmsilçilərini də məğlub edən həmyerlimiz 1/4 finala yüksəlib. Ağayev bu mərhələdə yaponiyalı Taiki Nakamura ilə dueldən qalib ayrılaraq, finala yüksəlib. Həlledici görüşdə Balabəyin rəqibi koreyalı Li Harim olub. Bu görüşdən məğlub ayrılan Ağayev qran-prini gümüş medalla başa vurub.
Bu çəkidəki digər təmsilçimiz Rövşən Əliyev üçün mübarizə erkən başa çatıb. İlk görüşdə braziliyalı Allan Kuvabaranı yenən idmançımız 1/8 finalda Sumiyabazar Extayvanla bacarmayıb.
Qran-pridə Azərbaycanın 12 cüdoçusunun iştirakı nəzərdə tutulsa da, onlardan cəmi beşinin xalça üzərinə çıxmasına icazə verilib. Balabəy Ağayev və Rövşən Əliyevdən başqa, Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (+100 kq) də bu yarışda mübarizə aparacaq.
Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyəcəklər.