Azərbaycanda növbəti futbol çempionatı da başa çatdı. Mövsümün yekunlarına görə sonuncu pilləni "Şamaxı" klubu tutdu. I Divziona düşəcək, yoxsa elitada saxlanılacaq, hələ məlum deyil. Reqlamentə görə, sonuncu pilləni tutan aşağı getməlidir. Amma Azərbaycan futbolunun özünəməxsus reallıqları olduğu üçün AFFA İcraiyyə Komitəsinin iclasını gözləməyə məcburuq. Toxunacağım mövzu bu deyil.

 

Mövsüm öncəsi "Şamaxı" rəhbərliyi jurnalistləri Şamaxıya toplayıb klubun təqdimatını keçirəndə futbolçuları da təqdim etdi və həmin siyahıda Elvin Məmmədovla Adil Nağıyevdən başqa tanınan sima yox idi. Heyət tamamilə təcrübəsiz, heç kimin tanımadığı, əksəri gənc olan futbolçulardan təşkil olunmuşdu. Sonradan komandaya Rəşad Əzizli ilə Amil Yunanov da qoşuldu. Amma ümumi fikir bu idi ki, legionersiz, bu cür heyətlə "Şamaxı"dan ciddi uğur gözləməyə dəyməz. Baxmayaraq ki, mövsümün gedişində "Şamaxı"nın əzmkar, döyüşkən oyunlarının da şahidi olduq, iddialı klublara başağrısı olub xallar da qoparda bildilər. Amma əsas olan sonluqdur ki, onu gətirə bilmədilər. Hələ millinin mart toplanışından əvvəl, "Mərkəzi xətt" verilişində verilişin aparıcısı olan həmkarım Nurlan Hacıyev elitanı kimin tərk edəcəyi ilə bağlı sual ünvanlayanda "Şamaxı"nın adını çəkdim. Fikrimi də belə əsaslandırdım ki, millinin oyunlarından sonra Premyer Liqa həlledici, kritik dönəmə qədəm qoyacaq və bu zaman fiziki-psixoloji durum, təcrübə ön plana çıxacaq. "Şamaxı"da isə bu baxımdan problemlər olacaq. Hansı ki, həmin vaxt "Şamaxı" son pillədə deyildi. Mənim və mənim kimi düşünən şəxslərin proqnozu özünü doğurultdu. Mövsümün sonunda "Şamaxı" həqiqətən də təcrübəsizliyin, ustalıq səviyyəsinin aşağı olmasının qurbanı oldu. "Şamaxı"nın durumu Azərbaycan futbolunun reallığını bir daha sübut etdi. Hansı reallığı? Sırf azərbaycanlı gənc futbolçulardan qurulan komanda ilə nəticə qazanmağın mümkünsüzlüyünü. Bu gün Azərbaycan reallğı elədir ki, legioner futbolçu olmadan yerli futbolçularla ciddi uğur qazanmaq mümkün deyil. "Şamaxı"dan öncə "Sumqayıt" modeli də bunu sübut etmişdi. Çoxları "Qarabağ"ın 14 il öncəki heyətini misal gətirir, amma bir məqamı unutmayaq ki, həmin vaxt "Qarabağ"ın heyətində yer alan yerlilər ölkənin ən güclü, potensiallı yerliləri idi. Raufdan, Əfrandan tutmuş, Maksimə, Qaraya kimi. Qapıda duran Fərhad Vəliyev millinin qapıçısı idi. Buna baxmayaraq, "Qarabağ" həmin heyətlə medal qazana bilməmiş, yalnız kuboku götürmüşdü. Bu gün "Şamaxı"nın heyətində yer alan futbolçular arasında yaxşı,potensiallı bir neçə futbolçu ola bilər. Amma ümumi komanda fonunda bu potensial bir neçə fərdi epizoddan başqa heç nəyə yaramır. Azərbaycanda güclü, yüksək potensiallı yerli gənc futbolçuların qıtlığı, bunun problem olduğu "Şamaxı"nın sonuncu pilləni tutması fonunda özünü sübut etmiş oldu. Biz bu gün hər nə qədər bir az da yerlibazlıq edib Kamran Quliyevlərdən, Bahadur Həziyevlərdən, Fuad Bayramovlardan danışsaq da, yekunda nəticəni yenə də Mazureklər həll edir...

 

Anar XANLAROV