Futbolumuzda müxtəlif illərdə saysız-hesabsız əcnəbi çalışıb. Rekord.az xəbər verir ki, bəziləri hələ də ölkəmizdə pul qazanır. Zənnimcə, aralarında bizə ən çox xeyri dəyənlərdən biri, bəlkə də birincisi ot üzrə mütəxəssis - ingiltərəli Filip Şarplesdir. Onun 10 ildə gördüyü işlər:

 

 

- "Qəbələ"nin əsas və bütün məşq meydanlarını qurub, qulluq edib. 12 meydan.

- 20 azərbaycanlı tələbə yetişdirib, sayəsində sertifikat alıblar.

- Bakıda keçilən qızların dünya çempionatı zamanı "Tofiq Bəhramov" xaric digər stadionlara qulluq və nəzarət edib. Bu müddətdə sərəncamında olan bütün heyəti sıfırdan öyrədib, təlimlər keçib.

- Son 4 ildə "Tofiq Bəhramov" birbaşa onun nəzarətində olub, problemlər vaxtında həllini tapıb. Ordakı işçilərə meydanlara nəzarət və qulluq etməyi öyrədib.

- 2 dəfə Azərbaycan kubokunun finalını qəbul edən stadionların meydanlarını lazımi səviyyəyə çatdırıb.

- Ot problemi olan bir neçə Azərbaycan klubuna kömək edib, məsləhətlərini verib, çıxış yollarını göstərib.

- 2017-ci ildən "Azərsun Arena"dakı qazonları nəzarətə götürüb. Ordakı işçilərə meydanlara nəzarət və qulluq etməyi öyrədib. Ingiltərə standartlarına uyğun təlimlər verilib.

- 2017-18-ci illərdə "Qarabağ" ev oyunlarını BOS-da keçirəndə örtüyə nəzarət və qulluq edib.

- Islam Həmrəyliyi Oyunlarına hazırlıq zamanı qazon bərbad vəziyyətə düşdüyü üçün örtüyü 17 saata lazım olan səviyyəyə çatdırıb. Bu, BOS-un 300 min avro qənaət etməsi demək idi.

- "Tofiq Bəhramov"un qazonunu yığmanın 10-dan artıq oyunu üçün ideal vəziyyətə gətirib. Bakıdakı oyundan sonra Almaniya millisin baş məşqçisi Yoahim Löv Respublika stadionundakı otun Avropada ən yaxşılardan olduğunu demişdi.

- "Qalatasaray", Kasımpaşa" və "Trabzonspor" da daxil olmaqla Türkiyədəki bəzi klublara stadionlarla bağlı tövsiyələrini verib.

- "Bunyodkor"un ev oyunlarını keçirdiyi Daşkənddəki stadionun meydanı da onun adıyla bağlıdı.

Mənbə: "Futbol+" qəzeti.