Bu yazımızda sizə Füzuli futbu haqda bəhs edəcəyik. Həmsöhbət qismində seçdiyimiz şəxslər isə Füzulinin futbol ictimaiyyətinə yaxşı tanışdır. Akif Cabbarov hələ sovet dönəmindən rayonda məşqçi kimi çalışıb, uşaqlara futbolun sirrlərini öyrədib. Digər həmsöhbətimiz Firdovsi Mehrəliyev isə uzun müddət “Ərgünəş” futbol klubunun təsisçisi və baş məşqçisi olub. Özü işğaldan əvvəl Füzulidə futbolla məşğul olub.  Söhbətə öncə Akif müəllimlə başladıq:

 

 

“Tufan”la başlayıb, “Ərgünəş”lə davam edən tarix

“Mən 1950-ci ildə Füzuli rayonunda anadan olmuşam. Futbol fəaliyyətim də elə bu rayonla bağlıdır.  Cavan vaxtlarımda rayonun Piyalatovka qəsəbəsində məktəbdə müəllim kimi işləmişəm. Paralel olaraq həm də həmin qəsəbədə futbol məşqləri keçməyə başladım. Həmin qəsəbədə daha çox malakanlar yaşayırdı, Ekatirinanın dövründən orda məskunlaşmışdılar. Amma çox yaxşı uşaqlar var idi. Mən həmin vaxt həmçinin rayonun UGİM məktəbində də futbol məşqçisi kimi çalışırdım. Bir sözlə, fəaliyyətimin böyük hissəsi futbolla bağlı idi. Az öncə qeyd etdiyim ki,çox yaxşı, istedadlı uşaqlar var idi. Amma nədənsə sonradan sözə baxmadılar və axıra kimi bu idman növünün ardınca getmədilər”.

 


Akif müəllim daha sonra Fizuli rayonunda futbolun tarixindən söz açdı: “Fizlulidə futbolun tarixi 60-cı illərə gedib çıxır. Yadımdadır ki,1967-ci ildə rayonda həvəskar şəkildə komanda yaradılmışdı. Həmin komandada Qadir Abbasov, Arif Dünyamalıoğlu, soyadını unutduğum Sərvər kimi yaxşı futbolçular var idi. O vaxt digər kəndlərdən olan bacarıqlı uşaqlar da gəlib həmin komandaya qoşulurdular. Sonradan Vəkil Nağıyevin təşəbbüsü ilə rayonda “Tufan” komandası yaradıldı. O da necə oldu, Vəkil müəllim istedadlı uşaqları bir araya yığıb komanda şəklində formalaşdırdı, zona üzrə yaxşı nəticələri oldu və hətTa sonra həmin komanda Vorişilovqrada yarışa da getmişdi. Gələndən sonra da belə qərar gəldi ki,elə həmin uşaqlardan ibarət “Tufan” komandasını yaratsın. Yeri gəlmişkən, Nazim Əliyev də həmin komandada idi. Ümumiyyətlə o komandada da çox istedadlı futbolçular var idi. Heyf ki, onlar da sonradan futbolun arxasınca getmədilər. Sona qədər gedən tək Nazim Əliyev oldu o da sonradan çox güclü futbolçu kimi tanındı, ölkənin iddialı klublarında forma geyindi. Eyni zamanda Azərbaycan çempionatları tarixinin ən yaxşı bombardiri adına sahib çıxdı. İnanmıram ki, yaxın illərdə kimsə onun rekordunu təzələyə bilsin.  Ümumiyyətlə, deyim ki, Fizulidən bir çox tanınmış futbolçular çıxıb. Məsələn Qacar kəndindən Tofiq Abbasov, Arif Abbasovu qeyd edərdim. Bundan başqa, Asəf Namazov, Əziz Əliyev bunlar hamısı Fizuliın çıxmış və Azərbayan futboluna yetərincə tanınan şəxsləridr. 
Sonra elə oldu ki, Vəkil müəllim bu işin başını buraxdı və “Tufan” da fəaliyyətini dayandırdı. Bu, hardasa 1981-ci il idi. 1985-ci ildə “Ərgünəş” komandası yarandı. Onu da deyim ki, “Ərgünəş” rayonun ilk peşəkar futbol komandasıdır. Çünki “Tufan” daha çox uşaq komandası kimi tanınmışdı və o dövr uşaqlar arasında keçirilən “Sevinc kuboku”nda oynayırdı. Amma “Ərgünəş” qeyd etdiyim kimi, peşəkar komanda idi. Özü də çox güclü komanda olub. Həmin komanda 1992-ci ilə qədər fəaliyyət göstərdi”
.

 

 

İlk stadion, ilk  və son oyunlar


Həmsöhbətimizlə mövzunu rayonun ilk stadionu, ordakı oyunlarla davam edirik: “Füzulidə məşq üçün müxtəlif ölçülü meydançalar olsa da böyük stadion yox idi.  İlk stadionun tikintisinə 1983-84-cü illərdə başladılar. 1985-ci ildə artıq istiadəyə verildi.  Rayonda stadion tikmək ideyası o vaxt rayon mərkəzi komitəsinin birinci katibi olmuş Əhməd Əhmədzadədən gəldi.  Çünki rayonda həqiqətən də böyük stadioan ehtiyac var idi. Əhali futbolu sevirdi, bu idman növünə maraq çox böyük idi. Stadion bir tribunalı olsa da hündür idi. Ona görə də tutumu hardasa 5-6 min nəfər olardı. Özü də məzərəli yerdə yerləşirdi. Tribuna ilə üz-üzə olan tərəfdən çay axırdı. Həm də rayonun mərkəzində yerlıəşirdi. İnternat məktəbi və “Ana” abidəsinin yaxınlığında inşa olunmuşdu. Oyunlara çox böyük maraq var idi. O vaxtlar “Ərgünəş” Azərbaycan çempionatının I dəstəsində oynayırdı. Hər oyunda tribunalar dolu olurdu. Ətraf kəndlərdən də gəlib oyunlara baxırdılar. Stadiondakı ilk oyun Beyləqan komandasına qarşı olmuşdu və “Ərgünəş” həmin oyunda 4:0 hesablı qələbə qazanmışdı. Həmin komandanı səfərdə də eyni hesabla məğlub etmişdik. 1988-ci ilə qədər peşəkar şəkildə komanda fəaliyyət göstərdi. Fizuli stadionunda son rəsmi oyun da 1988-ci ilə təsadüf elədi. Həmin oyunda “Ərgünəş” Xocalı komandasına 5:0 hesabı ilə qalib gəlmişdi. Ondan sonra artıq Qarabağa məlum hadisələrin baş qaldırması, vəziyyətin get-gedə gərginləşməsi futbola da təsir etdi. 1988-dən sonra komanda peşəkar şəkildə fəaliyyət göstərmədi, ölkə çempionatında oynamadı. Amma ümumilikdə 1992-ci ilə qədər komanda kimi fəaliyyət göstərdi".

 


İkinci qayıdış

Daha sonra söhbətə Firdovski Mehrəliyev qoşuldu. Çünki Füzuli futbolunda onun da əməyi az olmayıb və deməyə kifayət qədər sözü var idi. Təsadüfi deyil ki, 1992-ci ildə fəaliyyətini dayandıran “Ərgünəş” illər sonra məhz Mehrəliyevin təşəbbüsü ilə yenidən fəaliyyətini bərpa edib: “Mən özüm də rayonda futbol oynamışam, “Ərgünəş”in oyunçusu olmuşam. İlk dəfə 1985-ci ildə rəhmətlik Ədalət Yusifovdan futbolun sirrlərini öyrənmişəm. 1992-ci ilə qədər futbolla məşğul olmuşam. Sonra artıq məlum hadisələrə görə, futbolu davam edə bilmədik. Müharibə gedirdi, hər gün şiddətli döyüşlər olurdu, bəzən gündə rayona 100 mərmi düşürdü. O şəraitdə futbol oynamaq mümkün deyildi. Halbuki komandamızda yaxşı uşaqlar var idi. Məsələn bir uşaq var idi adı Xaqani idi “Maradona” ləqəbi qoymuşdular. Sonradan Beyləqanda “Qara Bəbir”də məşqçi kimi də işlədi. Yadımdadır, 1991-c ildə Zəngilanda keçirilən turnirdə iştirak etmişdik. Həmin vaxt o turnirdə bizim zonanın bütün komandaları iştirak edirdi: Zəngilan, Qubadlı, Cəbrayıl, Mincivan, Füzuli. Biz o yarışda 2-ci yeri tutmuşduq. Təəssüf ki, bizim yeniyetməlik illərimiz müharibə dövrünə düşdü. Ona görə davam edə bilmədik. 1993-cü ildə rayon işğal olunandan sonra məcburi köçkün həyatı başladı. Əvvəl “Primorski”yə gəldik, 1994-cü ildən isə Sumqayıt şəhərində məskunlaşmışıq. 1999-cu ildə məşqçiliyə başladım. 2000-ci ildə “Ərgünəş”i də məhz burda bərpa etdik. Akif müəllimlə birlikdə komandanı rəsmən Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdik. Öncə AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında oynamağa başladıq. Komanda olaraq “İnşaatçı” stadionunda məskunlaşdıq. Komandaya “İslam Nicat” təşkilatı kömək eliyirdi. Bundan başqa, Sumqayıtda məskunlaşan Fizuli rayon 7 saylı tam orta məktəbin direketoru Sima Cəfərovanın da bizə çox köməyi dəydi. Komandaya top və formaları məhz Sima xanım alıb hədiyyə etmişdi. Stadionun icarə haqını da o ödəyirdi. O vaxt top və forma üçün AFFA-ya müraciət etmişdik, yazılı şəkildə məktub da yazdıq. Amma bizə cavab verdilər ki, imkanımız yoxdur. İlk olaraq Şimal zonasında oynamağa başladıq. 2004-cü ildə isə qərara aldıq ki, Həvəskarlar Liqasında oynayaq...."


Ardı var