Azərbaycan futbolunun məşhur solaxayları
- 10 Noy 2021 12:00
- 1058
Heç kimə sirr deyil ki, futbolda solaxayların xüsusi yeri var. Ona görə ki, hər zaman fərqlənirlər. Adətən futbolu böyük əksəriyyət sağ ayaqla oynayır. Belə demək mümkünsə, 100, bəlkə də 1000 futbolçudan biri solaxay ola bilər. Amma bu cür futbolçular məhz sol ayaqla oynadıqları üçün seçilirlər. Ümumiyyətlə, solaxay futbolçular çox vaxt həm də istedadlı olurlar. Bu mənada diqqət çəkən daha çox ön xətt futbolçuları olub. Solaxayların istedad olduğunu sübut etmıək üçün sadəcə iki nəfərina dını çəkəcəm: Dieqo Armanda Maradona və Leonel Messi. Hər iki argentinalı solaxaydı və hər ikisi dahi statusunu daşıyır. Maradona, ümumiyyətlə, XX əsrin ən güclü futbolçusu adına layiq görüldü. Messi haqqında isə əlavə şərhə ehtiyac yoxdur. Bu iki nəfərdən başqa, digər solaxayların da adını çəkə bilərik ki, dünya fuytbolunda ad çıxardıblar: Ronald Kuman, Xristo Stoiçkov, Davor Şuker, Roberto Karlos, Georgi Hacı. Biz isə bu yazımızda müstəqil Azərbaycan futbolunun tarixində özünə görə ad qazanmış solaxaylardan danışacayıq. Bildiyiniz kimi, bu mövqe futbolumuzun ən yaralı yeri olub. Hətta xatirinizdədirsə, AFFA bir ara bu problemi aradan qaldırmaq üçün Dağıstandan Narvik Sırxayevi milliyə cəlb etmişdilər. Lakin tarix həmişə bunu sübut edib ki, gəlmələr həmişə gəldiyi yerin mənafeyini yox, öz mənafeyini düşünüb. Həmin vaxtı da Azərbaycan millisi Narvik üçün bir vasitə idi. Onu nəinki Rusiyada, heç oynadığı Mahaçqlada tanıyan yox idi. Lakin millimizin formasını geyinmək ona düşdü, nəticədə “Anji”dən “Lokomotiv”ə (Moskva) qədər yüksəldi və yekunda təbii və gözlənilən olaraq, bizləri atdı, Azərbaycan millisinə arxa çevirib bir daha milliyə gəlməyəcəyini dedi. Onu əvəzləyəcək alternativ futbolçu isə hələ də yetişməyib. Bir ara Araz Abdullayevin adını qeyd etmək olardı ki, onu da super solaxay adlandırmaq olmaz. Çünki Abdullayev o səviyyəyə gəlib çatmadı. Araz haqqında o vaxt inamla danışmaq olardı ki, o oynadığı klubunda, eləcə də milli komandada aparıcı futbolçulardan olardı, liderə çevrilərdi. Digər futbolçulara nəzər salınca, yenə kasadlıq görürük. Son dövrlər Toral Bayramovun oyununda yüksəliş var, amma indidən onunla bağlı hansısa fikir söyləmək çox tezdir. Klublara gəlincə, heç axtarışa çıxmağın mənası yoxdur. Məntiq özü bunu deyir. Çünki əgər milli komandada sol cinahda sözünü demiş futbolçu yoxdursa, heç klublara üz tutmağa da ehtiyac yoxdur. Hər halda klubda belə bir futbolçu olsaydı, milliyə dəvət edərdilər. Həm də çox təəssüf ki, klublarımızın legionerlərə üstünlük verməsi də öz sözünü deyir. Bu gedişlə millinin sol cinahında hələ uzun müddət boşluq hiss edəcəyik. İndi isə sizə müstəqil Azərbaycan futbolunun tarixində öz oyunu ilə diqqət çəkən, oynadığı klublarda liderlik funksiyasını dayışayan 3 futbolçu haqında söhbət açacayıq. Bunlar Yunis Hüseynov, Samir Ələkbərov və İsmayıl Məmmədovdu. Gəlin onların karyeralarına ayrı ayrılıqda nəzər salaq:
Yunis Hüseynov
1 fevral, 1965-ci ildə Gəncə şəhərində anadan olub. Boyu 180 sm, çəkisi 75. Futbola doğma Gəncədə başlayıb 1984-cü ilə qədər “Kəpəz”də forma geyinib. 1984-92-ci illər aralığında “Neftçi”nin şərəfini qoruyub. Sonradan İrana üz tutub və bir il orada oynadıqdan sonra yenidən “Neftçi”yə qayıdıb. Bu dəfə kapitan kimi paytaxt klubunun formasını geyinib və 1993-98-ci illərdə bu klubun formasını geyinib. 1998-2000-ci illərdə isə “Kəpəz”də çıxış edib. Futbolçu karyerasını da elə bu klubda başa vurub. 1993-98-ci illər arasında Azərbaycan milli komandasının da formasını geyinib, 34 oyunda meydançaya çıxıb 4 qola imza atıb. 2004-cü ildə məşqçilik karyerasına başlayıb və Yevlaxın “Karvan” klubunun baş məşqçisi olub. 2007-ci ilə kimi çalışdığı Yevlax klubu ilə ölkə çempionatının gümüş və bürünc medallarını qazanıb, UEFA kubokunda klublarımız arasında ilk mərhələ keçən klub olub. Sonradan 6 ay “Standard”da çalışdıqdan sonra yenidən “Karvan”a dönüb və 2009-cu ulə qədər burada çalışıb. Bu komanda Premyer Liqa ilə vidalaşandan bu yana Hüseynov da işsizdi.
Yunis Hüseynov ümumilikdə futbol tariximizə düşən futbolçulardan olub. Ancaq solaxay olması onu xüsusilə fərqləndirib. Çünki yazının girişində də qeyd etdiyimiz kimi, bu tip futbolçularda xüsusi istedad olur və xüsusi diqqət mərkəzində olurlar. Yunis Hüseynov Gəncə futbolunun yetirməsidir. Lakin karyerasının böyük hissəsi “Neftçi” ilə bağlıdır. Əsgər Abdullayev karyerasını bitirdikdən sonra kapitanlıq sarğısını qoluna taxan Hüseynov uzun müddət onu daşıyıb. Onun da əsas üstünlüyü yüksək texnikaya malik olması olub. Demək olmaz ki, Yunis Samir Ələkbərov kimi sürətə malik olub. Baxmayaraq ki, mərkəz yarımmüdafiəçisi mövqeyində oynayıb, sərt oyuna da o qədər meylli olmayıb. Yani, pressinq eləmək, top almaqla o qədər arası yox idi. Ancaq əvəzində əla oyun qururdu. Bəzən ən çətin vaxtlarda belə, komandanı arxasınca aparmaq bacarığına malik idi. Yunis Hüseynovun əsasa üstünlüklərindən biri də cərimə zərbələrini ustalıqla yerinə yetirmək bacarığı idi. Məsələn, 1994-cü ildə AÇ-96-ın seçmə qrup oyunu çərçivəsində Buxarestdə Rumıniya millisinə qarşı oyunda Hüseynovun vurduğu cərimə zətbəsi Avropa telekanallarının da diqqətini çəkmişdi. Düzdür, rəqib qapıçısı böyük ustalıqla yerinə ytirilən cərimə zərbəsini son anda barmaqlarının ucu ilə küncə çıxarmağı bacarmışdı. Məhz həmin qurtarışına görə Rumıniya mətbuatı qapıçılarına ən yüksək balı vermişdilər. Hüseynov millidə həm də sol cinah yarımmüdafiəçisi kimi də faydalı olub. Təsadüfi deyil ki, 1996-cı ildə İsveçrə üzərində qazandığımız tarixi qələbədəki yeganə qolu Vidadi Rzayev məhz Yunis Hüseynovun sol cinahdan gələn ötürməsindən sonra vurmuşdu.
Samir Ələkbərov
Doğum tarixi-08.10.1968
Vətəndaşlığı-azərbaycanlı
Boyu-175 sm
Çəkisi-75 kq
Oynadığı klublar:
1985-“Gənclik” (Bakı), 1 oyun
1986-“Qarabağ” (Xankəndi) 28 oyun, 13 qol
1987-94-“Neftçi”, 191, 91
1994-95-“Makkabi” (Petax-Tikva, İsrail), 17, 1
1995-98-“Neftçi”, 60, 35
1999-2001-“Xəzər Universiteti” (oyun və qol sayı statistikalarda öz əksini tapmayıb)
Azərbaycan millisinin heyətində 16 oyunda forma geyinib və 2 qola imza atıb.
Karyerasını başa vurduqdan sonra 2002-06-cı illərdə “Neftçi”də köməkçi məşqçi kimi çıxış edib. 2006-08-ci illərdə “Xəzər Lənkəran”da eyni vəzifədə çalışıb. 2009-cu ildən isə Lənkəran klubunun əvəzedici komandasının baş məşqçisi kimi fəaliyyət göstərir.
Samir Ələkbərov da Azərbaycan futbolunun yetirdiyi ən məşhur solaxaylardan olub. Ampluaca hücumçu olub. Futbolçu karyerasının böyük bir hissəsini "Neftçi"də keçirib. Azərbaycanın futbol üzrə yığma komandasının da üzvü olub. Futbol karyerasını 2001-ci ildə başa vurub. Samirin ən böyük üstünlüklərindən biri cədl və sürətli olması idi. Təsadüfi deyil ki, əksər sağ kənar müdafiəçiləri onunla mübarizədə çətinlik çəkirdilər. Ələkbərov eyni zamanda oyunu üzərinə götürmək bacarığına da malik idi. O, 3 mövsüm ard-arda Azərbaycan çempionatının bombardiri, 1992-93-cü illərdə isə ən yaxşı futbolçusu olmuşdu. Onun 90-cı illərin əvvəllərində “Neftçi”nin heyətində Ərani Beydiyevlə təşkil etdiyi hücum dueti o dövrün ən güclülərindən idi. Sonradan bu cütlük Samir Ələkbərov-Qurban Qurbanovla əvəzlənib. Bildiyiniz kimi, o zamanlar sovet futbolunda demək olar bütün komandalar 3-5-2 taktikası ilə oynadıqlarından ön xəttə həmişə iki hücumçu yer alırdı. Süamir də məhz sol cinah hücumçusu kimi, öz sürəti, texnikası, cəldiyi ilə çoxlarının başağrısına çevrilib. Onun eyni zamanda sol ayağı illə qüvvətli zərbələri də olub. Bir sözlə, bu gün bu cür futbolçuya çox böyük ehtiyacımız var.
İsmayıl Məmmədov
1976-cı ildə Sumqayıt şəhərində doğulub. İlk peşəkar klubu 1992-ci ildə yerli “Xəzər” olub. 1995-96-cı illərdə “Sumqayıt”da çıxış edib. 1997-ci ildə MOİK-in, 1998-ci ildə isə Sumqayıtın “Kimyaçı” komandasında forma geyinib. 1999-ci ildən futbol ictimaiyyəti onu daha yaxından tanıdı. Belə ki, 1999-2002-ci illər aralığında “Şəmkir”də oynayan İsmayıl bu klubla iki dəfə Azərbaycan çempionu oldu, Çempionlar Liqasında mərhələ keçdi. Bu klublarımız arasında Çempionlar Liqasında bir ilk idi. Daha sonra 2002-03-cü illərdə Sumqayıtın “Gənclərbirliyi”, 2003-04-cü ildə “Qarabağ”, 2004-07-ci illərdə “Karvan”da çıxış edib. 2007-ci ildən etibarən karyerasında eniş başlayıb. Öncə “Gənclərbirliyi”, daha sonra isə MOİK və I Divizionda mübarizə aparan “Abşeron”da forma geyinib. Ötən il karyerasını bitirib. Karlos Alberto Torresin dövründə milliyə də cəlb olunub. İsmayıl Azərbaycan futbolu səviyyəsində unikal futbolçu olub. O, sol ayağı ilə istədiyini edə bilirdi. Uzaq məsafələrdən həm qüvvətli, həm də paraşüt zərbələrə malik idi. Cərimə zərbələrini isə sadəcə, super icra edirdi. Hətta karyerasının pik vaxtında cərimə zərbəsi zamanı o topa yaxınlaşan demək olar bütün stadion qol gözləyirdi. Hətta bəzən hücumçulara tapşırıq verilirdi ki, İsmayılın “nöqtələr”ində cərimə qazansınlar. Məmməsovun uzaq məsafədən vurduğu qollar da yaddaşlardan silinməyib. Məsələn, o “Karvan”da oynayarkən “Şəfa” stadionunda “Olimpik”ə, Yevlaxda isə “Qəbələ”yə 60 metrdən qol vurmuşdu.
Adları sadalanan futbolçulardan başqa, Yaşar Hüseynov, Kənan Kərimov, Azər Cabbarov kimi tanınan solaxaylar da olub. Lakin onlar istər klub, istərsə də milli səviyyəsində yuxarıda adları çəkilənlər qədər məşhurlaşa bilməyib.
Anar XANLAROV