Azərbaycan futbolunun tanınan qardaşları YAZI
- 08 May 2020 12:00
- 1100
Dünya futbolunda bir sıra futbolçu qardaşlar olublar onlar eyni zamanda eyni komandanın şərəfini də qoruyublar. Məsələn, Simone İnzaqi, Filipo İnzaqi. Yaxud, Qari Nevill-Filip Nevill. Azərbaycanda da futbolçu qardaşlar mövcudur. Bu sıraya Samir Ələkbərov-Aydın Ələkbərov, Qurban Qurbanov-Musa Qurbanov, Mehman Allahverdiyev-Füzuli Allahverdiyev, Müşfiq Hüseynov-Yaşar Hüseynov, Xaqani Məmmədov-Füzuli Məmmədov, Ruslan Poladov-Elşən Poladov, Rəşad Sadiqov-Səbuhi Sadiqov, Emil Kitelman-Mixael Kitelman, Davud Kərimi-Kərim Kərimi, Samir Abdulov-Elnur Abdulov, Ceyhun Sultanov-Renat Sultanov kimi futbolçu qardaşları göstərmək olar. Daha keçmişə qayıtsq isə Adil Babayev-Yaşar Babayev, İsgəndər Cavadov-Füzuli Cavadovun da adlarını çəkə bilərik. Bunlar eyni dövrdə, eyni çempionatda futbol oynayan qardaşlardı. Lakin adlarını çəkdiyimiz qardaş futbolçular arasında elələri olub ki, eyni anda eyni komandanın şərəfini qorumağa imkan tapıblar. Bunlar Samir və Aydın Ələkbərov (“Neftçi”), Musa və Qurban Qurbanov (“Daşqın”, “Turan”, “Neftçi”), Mehman Allahverdiyev və Füzuli Allahverdiyev (“Kəpəz”), Müşfiq Hüseynov və Yaşar Hüseynov (“Qarabağ”) Ruslan Poladov və Elşən Poladov (“Xəzər”, Sumqayıt), eləcə də Xaqani və Füzuli Məmmədov (MOİK, “ANS Pivani”) qardaşlarıdır. Biz də bu yazımızda məhz eyni anda eyni komandada oynayan qardaşlardan olan Qurbanovlardan bəhs edəcəyik. Beləliklə:
Qurbanov qardaşları
Musa və Qurban Qurbanov qardaşları. Hər ikisi Zaqatalada doğulublar və futbola da orada başlayıblar. İlk peşəkar klubları yerli “Daşqın” olub. Lakin Musa futbolda özünü daha erkən tanıdıb ki, bu da təbiidir. Çünki o, Qurbandan 4 yaş böyükdür. Hərbi xidmətdən qayıtdıqdan sonra 21 yaşında ilk dəfə peşəkar səviyyədə futbola başlayan Musa 1989-cu ildə “Neftçi”nin formasını geyinmək şərəfinə nail olur. Lakin “Neftçi”nin çətin günlərini yaşadığı həmin illərdə Bakıda çox qalmayan böyük Qurbanov doğma Zaqatalaya qayıdır. Onda hələ heç kimin ağlına gəlməzdi ki, Musanın 18 yaşı olmasına baxmayaraq, futbolçu kimi heç kimin tanımadığı qardaşı Qurbanla birlikdə bir neçə il sonra Azərbaycan futbolunda “at oynadacaq”. Beləliklə, qardaşlar ilk milli çempionatımıza doğma “Daşqın”ın heyətində başlayırlar. Məhz Qurbanov qardaşları və Şaban Şirdanovun liderlik etdiyi Zaqatala klubu o dövrün ən güclü komandalarından birinə çevrilir, liderlərə qarşı başa-baş mübarizə aparır. Lakin sonradan həmin komanda fəaliyyətini dayandırdığından Qurbanov qardaşları “Turan”a üz tuturlar. Burada isə ilk çempionlu və avrokuboklarda debüt gəlir. Yeri gəlmişkən, bu “Turan”ın hələ ki, ilk və yeganə çempionluğudur. Bəli, Musa və Qurban Qurbanov qardaşları ölkəmizin avrokuboklardakı ilk qaranquşlarıdır.
1996-cı ildə Azərbaycan səviyyəsində super heyətə malik “Neftçi”də Samir Ələkbərovla duet təşkil edə biləcək hücumçuya ehtiyac var idi. Məhz bu vaxt Qurbanov qardaşları arzularının komandasına-“Neftçi”yə dəvət aldılar. Bu seçimdəm həm baş məşqçi Kazbek Tuayev, həm də Qurbanov qardaşları qazanıdlar. Yeri gəlmişkən, Qurbanovlar “Turan”da çempion adını qazanarkən, Tovuz klubunun baş məşqçisi məhz Tuayev idi. “Neftçi”dəki ilk illərində qardaşlar həm karyeralarındakı ikinci çempionluqlarını, Qurban isə 29 oyunda 34 qolla ölkə çempionatının bombardiri adını qazandı. Artıq kiçik Qurbanov haqda qonşu Rusiyada da eşitmişdilər və o gələn təklifləri dəyərləndirərək ora üz tutdu.
Bir müddət Voronejin “Fakel” klubunda oynadıqdan sonra Qurban yenidən vətənə qayıtdı və “Neftçi”də yenidən ona hetiyac duyuldu. Ancaq futbolumuzdakı qalmaqallardan bezən hücumçu yenidən Rusiyada çıxış etməyi üstün tutdu. Futbolumuzdakı durğunluq bərpa olunduqdan sonra Qurban ikinci dəfə “Neftçi”yə qayıtdı, özü də bu dəfə kapitan kimi. Çünki komandanın onun təcrübəsinə çox ehtiyacı var idi. “Qarabağ”la çempionluq uğurunda amansız çətin mübarizə gedir və ağdamlılar rəqibini qabaqlayır. Qış fasiləsindən sonrakı ilk tur məhz bu komandaları üz-üzə gətirir. Mütəxəssislər həmişə bildirirlər ki, məhz həlledici oyunlarda lider oyunçular öz keyfiyyətlərini nümayiş etdirirlər. Qurban da elə “Qarabağ”la, çempionluğun taleyini həll edən matçda Bakıya əbəs yerə dönmədiyini sübuta yetirdi. O, əvvəllcə Zaur Tağızadənin ötürməsini, sonra isə cərimə meydançasında özünə qarşı edilən kobudluğa görə təyin olunan penaltini qapıya göndərdi. Üçüncü qolu da Eltay Aslanov məhz Qurbanın ötürməsindən sonra vurdu.
Daim meydançada fəallığı ilə seçilən Qurbanda bu keyfiyyətləri qardaşı Musa, daha doğrusu onun keçdiyi ağır məşqlər formalaşdırıb. Hələ Qurban orta məktəbdə oxuyarkən futbolçu karyerasna başlamış Musa doğma Aşağı Taladakı evə gələncə kiçik qardaşın “qara” günləri başlayırdı. Həmin müddətdə Qurban demək olar ki, yalnız yatanda evə gəlib çıxa bilirdi. Bütün gün stadionda ağır məşqlərə sərf olunurdu. Ailədə əməyə olan sevgi Qurbana da bu xasiyyəti aşılamışdı deyə, Musa olmadıqda da o, boş oturmur, hər gün məşqlərin intensivliyini artırırdı. Elə meydançada da qorxmazlığı, cəsarıti və yorulmazlığı ilə liderə çevrilirdi. 2003/04-cü il mövsümündə MOİK-lə oyunda aldığı zədə məhz həmin qorxmazlığın və cəsarətin nəticəsi idi. Başqası olsaydı
bəlkə də o tora girişməzdi. Amma Qurban mübarizədənq alib ayrılmağa azca şansı olanda belə bundan maksimum yararlanmağa çalışırdı. Buna görə də qapıçı ilə mübarizəyə getdi və toqquşma nəticəsində aldığı zədədən sonra yaxşı ki, futbolçuların yardımı ilə dilinin qatlanmasının qarşısı alındı.
Komandası üçün həyatını təhlükəyə belə atmağa hazır olan Qurban “Neftçi” ilə daha iki dəfə çempion oldu. Karyerasının son klubu “İnter” oldu. Lakin buraeda çox oynaya bilmədi. Belindəki zədə onu 33 yaşında futboldan getməyə məcbur etdi. Hücumçu bir müddət “İnter”də idman direktoru vəzifəsində çalışsa da, tezliklə anladı ki, bu vəzifə onluq deyil. Onun yeri kabinet yox, futbol meydançasıdır. Beləliklə, 2006-cı ildə “Neftçi”yə üçncü qayıdış baş tutdu. Bu dəfə baş məşqçi kimi. Hətta məşqçi kimi debütünü çempionluqla qeyd etməyə çox yaxın idi. Lakin son anda bu imkanı əzəli rəqibləri “Xəzər Lənkəran”a verdilər. Lakin Qurban futbolçu kimi əzmkarlığını məşqçi kimi də ortaya qoydu, oxudu, öz biliyini, təcrübəsini təkminləşdirdi və bu gün çoxları onu Azərbaycanın ən güclü məşqçisi hesab edir. Nəticə isə “Qarabağ”ın oyunu və nəticələridir. Üfüqdə isə milli komanda görünür. Musaya gəlincə, yəqin ki, ona daha az yer ayırdığımız üçün bizdən inciməz. Çünki böyük qardaş olsa da futbolçu kimi Qurban daha parlaq karyera qurdu. Bəlkə bəx amili də burada öz sözünü dedi. Çoxları Musanı daha güclü hücumçu hesab edirdi. Sadəcə, Azərbaycan futbolu yeni-yeni inkişafa keçdiyi dönəmdə Musa artıq karyerasını qurtarmalı oldu. Onun son klubu isə 2001-ci ildə “Dinamo” oldu. Hazırda böyük Qurbanov da futbol sahəsində çalışır. Lakin qardaşı Qurbandan fərqli olaraq, məşqçi kimi yox, klub prezidenti, menecer kimi. Bəlkə də nə vaxtsa özünü məşqçi postunda da sınadı. Bəlkə də menecerlik sahəsində daha da irəli gedib özünə daha böyük şəbəkə qurdu. Ancaq bir fakt var ki hazırda Qurbanov qardaşları yenə futboldadır və yenə də Azərbaycan futbolunun inkişafı üçün çaışırlar.