Azərbaycanda gimnastika XXI əsrin əvvəllərindən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsindən sonra inkişaf etməyə başlayıb. Məhz 2002-ci ildə onun rəhbərliyi altında AGF-in yenidən qurulmasından sonra gimnastika növlərinin inkişafı üçün böyük işlər görülüb. İlk olaraq ölkəmizdə bədii gimnastika, kişi idman gimnastikası və akrobatika məşhurluq qazansa da, indiki dönəmdə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən tanınan qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası da geniş vüsət alıb. Azərbaycan təmsilçiləri müxtəlif beynəlxalq yarışlarda, Dünya Kuboklarında, Avropa və çempionatlarında medallara layiq görülür. 


2003-cü ildən etibarən Bakı gimnastika yarışlarına ev sahibliyi edən əsas şəhərlərdən birinə çevirilib. Bədii gimnastika növündə paytaxtımızdakı ilk beynəlxalq turnir - Dünya Kuboku da həmin ilə təsadüf edir. 2004 və 2005-ci illərdə daha iki Dünya Kuboku və keçmiş sovet ölkələri arasında ilk dəfə dünya çempionatı da Azərbaycanda gerçəkləşib.


2007-ci ildə isə ilk dəfə Avropa çempionatı AGF-yə həvalə edildi və bunun ardından müxtəlif növlər üzrə dünya və qitə yarışları Bakıda təşkil olunmağa başladı. Bütün bunlarla yanaşı, nəticələr də özünü çox gözlətmədi. Bədii gimnast Aliyə Qarayeva 2007-ci ildə Bakıda Avropa çempionu adını qazandı. Hətta gimnastlarımız fərdi proqramın ayrı-ayrı alətlər üzrə finalında, çoxnövçülükdə və komanda hesabında böyüklər arasında Avropa və dünya çempionatlarının medalçıları sırasında da yer alıblar.


2014-cü ildə beynəlxalq standartlara tam cavab verən Milli Gimnastika Arenası istifadəyə verildi. Bütün dünyadan gimnastlar buraya nəinki turnirlərə, eyni zamanda təlim-məşq toplantılarına gəlirlər. Dünya Kubokları, çempionatları zamanı buraya gələn federasiya rəsmiləri, baş məşqçilər bildirir ki, yarışların bu qədər yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan qədər şərait yaradan ölkə yoxdur. Bu idman obyektində gimnastika ilə yanaşı digər növlər üzrə yarışlar da təşkil olunur. 22-24 sentyabrda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr ediləcək Böyük Dəbilqə turnirini də buna misal göstərə bilərik. 


2014-cü il də medal baxımından uğurlu alınıb. Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət qrup hərəkətləri komandası ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb. Marina Durunda 2015-ci ilin Avropa çempionatında bürünc medal, daha sonra isə Birinci Avropa Oyunlarında gümüş medal qazanıb. Ev sahibliyi etdiyimiz İslam Həmrəyliyi Oyunlarında gimnastlar Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova komanda hesabında qızıl, Marina Durunda, Jalə Piriyeva isə ayrı-ayrı alətlər üzrə finallarda ümumilikdə daha 7 medal qazanmışdı.


Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti sonrakı illərdə FIG tərəfindən də yüksək qiymətləndirilib. Özündə 150-yə yaxın federasiyanı birləşdirən qurumun reytinq siyahısında Mehriban xanım Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017, 2018 və 2019-cu illərdə isə ilk pillədə qərarlaşıb. 
Gənclər və idman naziri, 2018-ci ildən Avropa Gimnastikasının prezidenti olan Fərid Qayıbov da məhz daha əvvəl Azərbaycan Gimnastika Federasiyasında fəaliyyət göstərib. Nazir AGF-də baş katib vəzifəsini yerinə yetirib. Onun müavini, Mariana Vasileva isə 2008-ci ildən bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi olub. 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə nazir müavini vəzifəsinə təyinat alıb.


Bu gün Azərbaycanın milli idmançı kadrları yetişir. Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edənlər, Paris-2024-ə lisenziya qazanan Zöhrə Ağamirova buna ən yaxşı misaldır. Onu da vurğulayaq ki, bədii gimnastika komandamız bu il də tarixi nailiyyətə imza ataraq ilk dəfə Avropa çempionatında qızıl medala yiyələnib. Mayda Bakıda 38 ölkədən 315 idmançının iştirakı ilə qitə çempionatı gerçəkləşib. Çempionatın son günü Azərbaycanın qrup hərəkətləri üzrə əsas yığması üçün sözün əsil mənasında uğurlu olub. Heyəti Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina. Zeynəb Hümmətova, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri üzrə əsas yığma 2 top və 3 lentlə cıxışına görə çempionatın baş mükafatına layiq görülüb. 


AGF idmançılarla yanaşı yerli hakim və məşqçiləri də diqqətdən kənarda qoymayıb. Onların ixtisaslarının artılması üçün bir sıra mühim işlər görülüb, yerli məşqçilik və hakimlik kursları təşkil edilib. 2013-cü ildə Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Akademiyası mütəxəssisləri tərəfindən 1-ci səviyyəyə aid bədii gimnastika üzrə məşqçilik kursları keçirildi. Bir il sonra isə artıq ikinci səviyyəyə aid kurslar təşkil olundu. İlk beynəlxalq hakimlik kursları isə 2007-ci ildə gerçəkləşib. 2014-cü ildə Bakıda ilk dəfə batut gimnastikası və qadın idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları təşkil olunub. 2017-ci ildə ilk dəfə olaraq Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik Kursları uğurla keçirilib. Daha sonra bədii gimnastika üzrə və kişi idman gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursları Bakıda uğurla təşkil edilib. Sevindirici haldır ki, hazırda bədii gimnastika üzrə 20-dən çox beynəlxalq dərəcəli hakimimiz var. 


Göründüyü kimi, AGF 21 il ərzində həm milli, həm də beynəlxalq arenada bir çox uğurlara imza atıb. İndi ən əsas məqsəd əldə olunan səviyyəni qoruyub saxlamaq, gimnastika növlərini daha da inkişaf etdirmək və beynəlxalq arenada uğurlu nəticələri artırmaq olmalıdır. 

 

Rekord.az