Azərbaycanın bədii gimnastika millisinin üzvləri Neftçalada hazırlıq xarakterli nümunəvi çıxışlar ediblər.

Rekord.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, böyük fərdi gimnastlar Zöhrə Ağamirova, Kamilla Seyidzadə, İlona Zeynalova, Mədinə Dəmirova, gənc fərdi gimnastlar Gövhər İbrahimova, İlahə Bahadırova, Fidan Qurbanlı, Şəms Ağahüseynova və böyüklərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokina Neftçala Olimpiya İdman Kompleksində performanslarını nümayiş etdiriblər.

Çıxışlardan əvvəl bədii gimnastlar kompleksin yaşıl sahəsində ağacəkmə mərasimində iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan gimnastlarının bu çıxışları mayın 22-26-da Budapeştdə təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.