Azərbaycan güləşçiləri DÇ-dəki çıxışlarını dəyərləndirdilər
- 05 Okt 2021 20:00
- 573
Norveçin paytaxtı Osloda davam edən dünya çempionatında hələ ki 2 güləşçimiz medal qazanıb.
Rekord.az xəbər verir ki, sərbəst güləşdə Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) dünya üçüncüsü olub. Onlar Azərbaycan Güləş Federasiyasının saytına təəssüratlarını bölüşüb.
Abubakr Abakarov: "2018-ci ildə Budapeştdə keçirilən mundialda 74 kq-da debüt etmişdim. Həmin yarışda medal qazana bilməsəm də, bu dəfə 86 kq-da fəxri kürsüyə qalxdım. Əlbəttə, Azərbaycana bürünc medal qazandırdığım üçün şadam. Millinin heyətində böyüklərin dünya çempionatında daha öncə iştirak etmiş güləşçi yalnız mən idim. Heyətimiz əsasən perspektivli gənc güləşçilərdən qurulub. Medalsız qalan güləşçilər ruhdan düşməməlidir. İnşallah, növbəti dünya çempionatında medal qazanarlar. Yarımfinalda Deyvid Teylora uduzdum. Onunla heç vaxt qarşılaşmamışdım. Teylor olimpiya çempionu və bu çəkinin liderlərindən biridir. Onunla güləşmək mənim üçün böyük təcrübə oldu. Çalışacağam ki, növbəti dəfə bürünc medalı qızılla əvəzləyim. Bu yarışa hazırlaşmaq üçün bir neçə təlim-məşq toplanışı keçmişdik. Bunun üçün bizə bütün şəraiti yaradan federasiyaya və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Azarkeşlərimizə də təşəkkür edirəm. Əsas hədəf sözsüz ki, Paris-2024 Olimpiadasıdır. Gənclərdən qurulmuş heyətimizlə Olimpiya Oyunlarına 100 faiz hazır olmalıyıq”.
Osman Nurməhəmmədov: “Dünya çempionatında bürünc medal qazandığım üçün çox sevinirəm. Şadam ki, məşqçilərimizin etimadını doğrultdum. Düzdür, çempion olmaq istəyirdim. Ancaq alınmadı. Növbəti dəfə qızıl medal əldə etməyə çalışacağam. Yarımfinaldakı məğlubiyyətimə gəlincə, Məhəmməd Qurbanov həm fiziki cəhətdən güclü, həm də təcrübəli güləşçidir. Texniki detallara və digər amillərə görə ondan geri qaldığımı düşünmürəm. Sırf fiziki göstəricələrə görə Qurbanova məğlub oldum”.