Azərbaycan güləşçiləri üçün 2023-cü ilin ilk sınağı
- 30 Yan 2023 20:30
- 536
Bu həftə Azərbaycan güləşçiləri üçün 2023-cü ilin yarış mövsümünə start veriləcək.
Rekord.az xəbər verir ki, fevralın 1-dən 5-dək Xorvatiyada “Zaqreb Open” turniri keçiriləcək. İlin ilk reytinq yarışında ökəmiz 31 idmançıyla təmsil olunacaq.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 10 sərbəst güləşçi “Qran-pri”də qüvvəsini sınayacaq. Heyətdə Əliabbas Rzazadə, İslam Bazarqanov (hər ikisi 57 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev, Xadjimurad Qadjiyev (hər ikisi 70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıb.
Qadın güləşçilərin yarışında baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq), Elnurə Məmmədova (55 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (62 kq) mübarizə aparacaq.
Yunan-Roma güləşi üzrə millimiz isə daha geniş tərkibdə iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Zamir Maqomedov, Murat Lokyayev (hamısı 97 kq), Sabah Şəriəti, Beka Kandelaki və Sərxan Məmmədov (hamısı 130 kq) reytinq turnirində ölkəmizi təmsil edəcək.
Fevralın 1-də 57, 61, 65, 70, 74 və 86 kq-da yer alan sərbəst güləşçilər, növbəti gün 92, 97 və 125 kq-da çıxış edən sərbəst güləşçilər və 50, 55 kq-dakı qadın idmançılar xalça üzərinə çıxacaq. Ayın 3-də 59, 62, 65 və 68 kq-da yer alan qadınlarla yanaşı, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq. Fevralın 4-də 53, 57, 72 və 76 kq-dakı qadınlar, eləcə də 63 və 67 kq-dakı yunan-Roma güləşçiləri nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. Yarışın son günündə isə 55, 60, 72, 82, 97 və 130 kq-da yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
“Zaqreb Open”də birinci kateqoriyalı hakim Tural Əliyev ədaləti qoruyacaq.