Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə gənclərin dünya çempionatı keçirilib.

Rekord.az xəbər verir ki, mundialda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib. Onların hər ikisi medalçılar sırasında yer alıb.

Rübail İbrahimli startda yerli güləşçini çətinliklə üstələyib. Daha sonra Ukrayna güləşçisinə məğlub olan həmyerlimiz Moldova idmançısına qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda daha bir Moldova təmsilçisi üzərində qələbə qazanan Rübail adını finala yazdırıb. Ancaq İbrahimli həlledici görüşdə ukraynalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Təsnifat mərhələsindən mübarizəyə başlayan Fərid Cabbarov əvvəlcə rumıniyalı rəqibindən güclü olub. Rumıniyadan olan daha bir güləşçini vaxtından əvvəl məyus edən Cabbarov Ukraynanın iki pəhləvanını da xal vermədən məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda da Rumıniya idmançısına qalib gələn Fərid finala yüksəlib. Həlledici görüşdə Ukrayna güləşçisinə heç bir şans tanımayan Cabbarov dünya çempionu olub və Konstantada himnimizi səsləndirib.

70 kq
1-ci görüş: Rübail İbrahimli - Ferents Şiki (Rumıniya) 2:1
2-ci görüş: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) 1:3
3-cü görüş: Rübail İbrahimli - Alin Kioriki (Moldova) 3:1
1/2 final: Rübail İbrahimli - Serciu Lupesku (Moldova) 3:1
Final: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) 0:3

80 kq
Təsnifat: Fərid Cabbarov - Konstantin Manea (Rumıniya) 3:0
1-ci görüş: Fərid Cabbarov - Razvan Pavalaç (Rumıniya) 3:0
2-ci görüş: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) 3:0
3-cü görüş: Fərid Cabbarov - Anton Deyneka (Ukrayna) 3:0
1/2 final: Fərid Cabbarov - Virgil Qosa (Rumıniya) 3:0
Final: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) 3:0

Qeyd edək ki, bir gün əvvəl yeniyetmələrin analoji yarışında Hüseyn Əliyev (70 kq) qızıl, Musa Ağayev (60 kq) isə gümüş medal qazanmışdı. Mundialda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.