Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb. 

Rekord.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rumıniyalı Denis Mihay ilə üz-üzə gəlib. Rəqibinə 6:1 hesabıyla qalib gələn Quluzadə dünya çempionu olub.

Bu gün yığma üzvlərindən Xasay Həsənli (77 kq) və Laçın Vəliyev (87 kq) də bürünc medal görüşünə çıxıblar. Laçın Vəliyev koreyalı Donqyun Yuna 9:0 hesabıyla qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb. Xasay Həsənli isə moldovalı Aleksandrin Qutuya 5:11 hesabıyla məğlub olub.

Bu gün həm də Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib. 67 kiloqram çəki dərəcəsində yer alan Kənan Abdullazadə yarımfinalda qazaxıstanlı Məhəmməd Qoşqara 9:2 hesabıyla qalib gəlib. Qurban Qurbanov (72 kq) isə ukraynalı İrfan Mirzoyevi 5:0 hesabıyla yenib. Yarımfinaldakı digər təmsilçimiz Nihat Məmmədli (60 kq) iranlı Səid Murad İsmailiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. 

Kənan finalda gürcüstanlı Nika Broladze ilə, Qurban moldovalı Aleksandru Solovey ilə güləşəcək. Medallar uğrunda həlledici görüşlər sabah baş tutacaq.