Azərbaycan İdman Jurnalistləri Federasiyasının təqdimat mərasimi keçirilib
- 11 Yan 2020 13:39
- 1600
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təqdimat mərasimi keçirilib.
"Rekord.az" xəbər verir ki, Milli Olimpiya Komitəsində keçirilən tədbirdə federasiyanın rəhbəri Qabil Mehdiyev, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan F.Mansurov Azərbaycan idman mediasında ciddi problemlərin olduğunu bildiib: "Bu məsələ ilə bağlı daha öncə Qabil Mehdiyevlə söhbətimiz oldu. Nazir Azad Rəhimov da 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə idman mediasının təşkilatlanmasının gərəkliyini bildirmişdi. İdman mediasında uğurlar olmalıdır. Bu səbəbdən belə qərara alındı ki, yeni təşkil yaradılsın. Düşünürəm ki, bu federasiya idman mediasının inkişafına öz töhfəsini verəcək".
A.Abiyev isə idmanın ölkə hüdudlarını aşdığını bildirərək, sərhədsiz olduğunu diqqətə çatdırıb. O, ölkə idmançılarının nailiyyətlərinin işıqlandırılmasında idman jurnalistlərinin böyük rola malik olduqlarını bildirib və yeni təşkilata uğurlar arzulayıb.
Federasiyanın rəhbəri Qabil Mehdiyev isə idman mediasındakı vəziyyəti düzəltmək üçün çalışacaqlarını vurğulayıb: "İdman mediasında böyük boşluqlar var. Bu quruma dəstək vermək üçün federasiya yaratmağı planlaşdırırdıq. Qismət bu günə idi. Nəhayət bu federasiyanı yaratdıq. Əvvəla ad haqda məlumat verim. Niyə məhz federasiya adlandırıldı? Bir çox ölkələrdə, eləcə də Rusiyada bu tip qurumlar federasiya adlanır. Bu təşkilatı yarada bildiyimiz üçün Gənclər və İdman naziri Azad Rəhimova təşəkür edirəm".
Mehdiyev bildirib ki, sponsorlar və dövlət qurumları vasitəsilə AİJF-yə yardım olunacağına ümid etdiyini də söyləyib: "Eyni zamanda KİVDF rəhbərliyi ilə danışacağıq ki, bizə dəstək göstərilsin. Hazırda xüsusi maddi dəstəyimiz yoxdur".
Sədr AİJF-də komissiyaların da fəaliyyət göstərəcəyini sözlərinə əlavə edib: "Bir nəfərlik saytların birləşməsini təklif edəcəyik. Tərkibində idman jurnalisti olmayan KİV-lər bizim üzvümüz olmayacaq. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 25 ildir fəaliyyət göstərir və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvüdür. Bu qurumu ictimai birlik olduğu üçün ləğv etmək mümkün deyil. Siz onların fəaliyyətini görürsünüzsə, onları sağlam rəqabətə dəvət edirəm. AİPS rəhbərliyi ilə münasibətlərimiz var, hazırda ilk növbədə idman jurnalistləri arasında münasibətləri qaydasına salaq, sonra beynəlxalq quruma üzvlüyü müzakirə edə bilərik".
"Əgər ehtiyac olarsa, bir sıra şirkətlərlə sponsorluq müqaviləsi də bağlayacağıq. Bir sıra tədbirlər həyata keçirəcəyik. Artıq federasiyasının saytı da var. Burada ən aktual yazılar dərc olunacaq. Saytda hansı jurnalistin yazısı daha çox dərc olunarsa, ilin sonunda onun mükafatlaması üçün bir bonus olacaq. Sayt həmçinin ensiklopediya funksiyası daşıyır. Təbii ki, bu dövlət qurumu deyil ki, büdcədən maliyələşdirilsin. İdman mediası ölkə mediasının ən nöyük qoludur. Əlbəttə, sponsor tapmaq üçün işlər aparacağıq. Çalışacağıq ki, ən çox oxunan media qurumu bizim federasiya vasitəsi ilə özünü maliyələşdirə bilsin", - o qeyd edib.
Sonra AİJF-nin rəsmi saytı, eləcə də Mirpaşa Miriyev və Aqşin Kazımzadə mükafatlarının təsis olunduğunu, onların il ərzində fərqlənənlərə veriləcəyini söyləyib.
Hazırda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinə rəhbərlik edən idman jurnalisti Bəxtiyar Məmmədov da təşkilata uğurlar arzulayıb. O, AİJF-ni idman jurnalistlərinin birləşməsi baxımından son şans adlandırıb.
Sonda AİJF İdarə Heyəti üzvləri təqdim olunub.
Bunlar federasiyanın rəhbəri, "İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, MOK-un İnformasiya və Nəşriyyat İdarəsinin rəhbəri Cəmaləddin Rəhmanov, Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman jurnalistikası magistr proqramının meneceri Ellada Mustafayeva, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, azerisport.com saytının baş redaktoru Vüqar Zeynalov, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, "Report" İnformasiya Agentliyinin İdman departamentinin redaktoru Elşən Məmmədov və ATV telekanalının İdman şöbəsinin redaktoru Sənan Şəfizadədir.
Onlar AİJF-nin təsisçilərinin qərarı ilə seçiliblər.