"Azərbaycan idmanının əsas problemi strateji düşüncənin olmamasıdır" Ekspert
- 13 Avq 2024 15:10
- 308
Məlum olduğu kimi, Azərbaycanı Olimpiadada təmsil edən 48 idmançıdan 7-si medal qazanıb.
Cüdoda Hidayət Heydərov və Zelim Kotsoyev qızıl medala layiq görülüb. Daha sonra boks idman növü üzrə Alfonso Dominges gümüş medal qazanıb. Taekvondo üzrə Qaşım Maqomedov gümüş medalla mükafatlanıb. Yunan-Roma güləşi üzrə Həsrət Cəfərov bürünc medal qazanaraq adını siyahıya əlavə edib. Sərbəst güləş növü üzə Giorgi Meşvildişvili və Maqomedxan Maqomedov isə bürünc medala yiyələniblər.
Siyahıya baxdıqda isə onu görürük ki, bu idmançılardan çox az qismi, demək olar ki, iki nəfəri azərbaycanlılardır. Yerdə qalanları legionerdir - yəni xaricdən pulla gətirilən idmançılardır.
Qeyd edək ki, son illər ərzində idman konsepsiyası istiqamətində xeyli işlər görülür, rayonlarda müxtəlif Olimpiya Kompleksləri inşa edilir. Bəs, görəsən idmançılarımız nəyə görə mötəbər turnirdə uğur qazana bilmədi?
MDB və Türk dünyası ölkələrindən sayılan Özbəkistan Paris Olimpiadasında tarixə imza atıb.
Dost və qardaş ölkə ümumilikdə 13 medal qazanaraq dünyada 13-cü yerə çıxıb. Özbəklər 8 qızıl medalla bütün dünyanın diqqətini özlərinə cəlb edə biliblər.
Azərbaycan idmançılarının Paris-2024-dəki çıxışını necə qiymətləndirmək olar?
Məsələ ilə bağlı tanınmış idman mütəxəssisi, "Rekord.az" saytının baş redaktoru Kənan Məstəliyev AZXEBER.COM-a açıqlama verib.
O bildirib ki, Olimpiadada uğursuzluğa düçar olmağımızın başlıca səbəbi legionerlərin düzgün seçilməməsidir:
"Mən düşünürəm ki, biz Paris Olimpiadasını Azərbaycan üçün tam pis nəticə kimi qəbul edə bilmərik. Hər kəsin baxış bucağı fərqlidir və hərə bir cür düşünür. Sırf nəticə baxımından müşahidə etsək, bunu normal qəbul etmək olar. Çünki ən azından iki qızıl medal qazanıldı və bizim iki qızıl medalı sonuncu dəfə 2012-də keçirilən London Olimpiadasında qazanmışdıq. Bir sözlə, bu baxımdan pis deyil, lakin bizim ənənəvi idman növümüz olan güləşdə bu qədər uğursuzluğa düçar olmağımız, ayrı-ayrı detallarla götürdükdə uğursuz bir nəticədir. Eyni zamanda bizim ən böyük problemimiz Olimpiadada təmsil olunan legionerlərimizin belə düzgün seçilməməsidir. Legioner idmançımız - Alfonso Domingezin açıqlamasıyla hər kəs tanışdır. Biz həqiqətən legionerə külli miqdarda pul töküb, onu gətiririksə, bu idmançı bizə yüksək nəticə verməlidir. Həmin legionerin finalda o şəkildə məğlub olması biabırçılıqdır.
Bu, birbaşa yanlış idman siyasətinin nəticəsidir. Məsəl üçün, Cüdo Federasiyasından Olimpiadada iki qızıl medal qazanıldı. Birini Hidayət Heydərov, digərini Zelim Kotsoyev qazandı. Zelim Kotsoyev legionerdir. Amma faktiki olaraq, Olimpiya çempionu oldu. Yenidən təkrar edirəm ki, bizim birbaşa legioner seçməkdə səhvlərimiz var. ABŞ-nin stolüstü tennis yığması Çin yığmasına qalib gələrək Olimpiya çempionu oldu. Lakin heyətindəki beş idmançının hamısı Çin vətəndaşlarıdır. Biri var, hansısa idman növünə legioner cəlb etmək, biri də var, komandanı legionerlərlə doldurmaq... Bizdə ikincidir. Azərbaycan idmanı tam şəkildə "legionerlərlə doldurulur". Milli idmançı tapılmır. Legionerləri də elə idman növlərinə cəlb etmək lazımdır ki, hansı ki Azərbaycan həmin idman növlərində peşəkarlaşmayıb. Misal üçün, badminton, qılıncoynatma, atletika idman növləri üzrə ola bilər. Götürək, 3x3 basketbol üzrə idmançılarımızı... Onların legioner olmasının bir problemi yoxdur. O halda ki, həmin idmançılar davamlı uğurlar qazanır, yüksək nəticələr göstərir, nümunə olur.
İdman mütəxəssisi hesab edir ki, idmançılarımızın zəif nəticələr göstərməsi federasiyalarımızın strateji düşüncəsinin olmamasından qaynaqlanır:
"Mənim tövsiyəm odur ki, Azərbaycan idmanının əsas problemi strateji düşüncənin olmamasıdır. Çünki biz bu günlə yaşayırıq, sabahı və yaxud gələcəyi görmürük və düşünmürük. Rəhbərlik düşünür ki, bir legioner idmançı gətirim, bir-iki həftə sonra Avropa çempionu olsun, biz də ictimaiyyət qarşısında hesabat verək ki, filankəs bayrağımızı tribunalarda qaldırdı, himnimizi səsləndirdi. Bu, inkişaf deyil. Bizim mütləq mənada strateji hədəflərimiz və planlarımız olmalıdır. İdmanla əlaqəsi olan bütün federasiya və qurumların strateji planları olmalıdır. Hesab edirəm ki, bizim əksər federasiyalarımız sabahı düşünmürlər. Onlardan soruşsanız ki, iki ildən sonra idmanla bağlı hədəfləriniz və planlarınız nədir, onlar bu suala cavab verə bilməyəcəklər".
Mikayıl Mirzəzadə