Azərbaycan komandası Türkiyədə ikinci oldu
- 30 Okt 2023 10:15
- 257
Yeniyetmə qılıncoynadanlarımız Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə sablya növü üzrə 18 komanda arasında ikinci olaraq gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, Abbas Hüseynov, Rəsul Əliyev, Timur Husnaddinov və Murad Muradovdan ibarət yeniyetmə komandamız ilk görüşdə Almaniya yığmasına 45:28 hesabı ilə qalib gələrək ən güclü səkkizliyə vəsiqə qazanıb.
Bolqarıstan, Yunanıstan, Böyük Britaniyanı təmsil edən yığmaların da yarışdığı turnirdə komandamız finala gedən yolda Türkiyənin üçüncü və Gürcüstan ilə Fransa sablyaçıların birgə təmsil olunduğu komandalara müvafiq olaraq 45:44 və 45:38 hesabları ilə qalib gələrək finala yüksəlib.
Qılıncoynadanlarımız həlledici görüşdə Türkiyə millisinə 30:45 hesabı ilə uduzub.
Qız sablyaçıların komanda yarışında Fərəh Abbasova, Təranə Məmmədli, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət birinci komandamız ilk görüşündə Türkiyənin beşinci komandasına 45:21 hesabı ilə qalib gəlsə də, yarımfinala yüksəlmək uğrunda Türkiyənin ikinci komandası ilə keçirilən gərgin görüşdə 44:45 hesabı ilə uduzub.
Sablyaçı qızların komanda yarışında Leyla Əhmədova, Fatimə Kərimova, Cahan Sadıxova və Gülarə Tağızadədən ibarət digər kollektiv isə ilk görüşdə turnirin qalibi Böyük Britaniya yığmasına 21:45 hesabı ilə məğlub olub.