Azərbaycan kuboku başa çatdı
- 23 Dek 2022 20:45
- 512
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan kuboku başa çatıb.
Rekord.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayıb.
Yarışda 25 nəfər qadın idmançı qatılıb ki, bu da Azərbaycan ağır atletikası tarixində bir ilkdir. Bu günə qədər Respublika dərəcəli heç bir yarışımızda bu qədər qadın ağır atlet iştirak etməmişdi. Onlar həm müxtəlif çəki dərəcələrində, həm də mütləq qalibi müəyyən ediblər. Öz çəki dərəcələrində Samirə Rzayeva, Nazilə İsmayılova, Selcan Qarayeva, Fazilə İmanova, Ayişə Əliyeva, Fidan Mirzəzadə, Rahilə Hüseynzadə, Leyla Məhərrəmova və Elnarə Rəşidova qızıl medallara sahib çıxıblar.
Qadınlar arasında mütləq qalib – Azərbaycan kubokunda “Ən güclü qadın idmançı” adını 222,15 Sinkleyr xalı ilə Lənkəran təmsilçisi Rahilə Hüseynzadə qazanıb və ona Azərbaycan kuboku təqdim edilib.
Qadınların komanda hesabında 115 xal toplayan Sumqayıt 1-ci, 126 xal toplayan Qazax 2-ci, 67 xal toplayan Bakı-Herkules komandaları 3-cü yeri tutublar. Komandalar tutduqları yerə uyğun olaraq Azərbaycan kuboku ilə təltif olunublar.
Kişilərdə öz çəki dərəcələrində Amin Osmanov, Turan Əliyev, İsa Rüstəmov, Ömər Cavadov, Füqan Əliyev, Sənan Mirzəyev, Elşən Şərifov, Əli Şükürlü, Dadaş Dadaşbəyli və İsmayıl Qurbanov qızıl medal qazanıblar.
Kişilər arasında mütləq qalib – Azərbaycan kubokunda “Ən güclü kişi idmançı” adını 393,93 Sinkleyr xalı ilə Qobustan təmsilçisi Dadaş Dadaşbəyli qazanıb və ona Azərbaycan kuboku təqdim edilib.
Kişilərin komanda hesabında 216 xal toplayan Qazax 1-ci, 182 xal
toplayan Goranboy 2-ci, 160 xal toplan Qobustan komandaları 3-cü yeri tutublar.
Komandalar tutduqları yerə uyğun olaraq Azərbaycan kuboku ilə tətltif olunublar.
Azərbaycan kubokunun təşkilində məqsəd ölkənin ağır atletika üzrə ən yaxşı idman təşkilatları, ən yaxşı qadın və kişi idmançılarını, ümidvericı ağır atletlərdən ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etmək, yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçmək olub.