Azərbaycan kubokunda 6-cı start
- 03 Dek 2019 15:20
- 947
Bu həftə Azərbaycan kubokunda 2019/20 mövsümünə start veriləcək.
Rekord.az xəbər verir ki, “Zirə” 1/8 finaldan mübarizəyə başlayacaq. “Qartallar” dekabrın 4-də Birinci Divizion təmsilçisi “Qaradağ-Lokbatan”la üz-üzə gələcək.
Bu oyunla “Zirə” tarixində 6-cı dəfə kubok uğrunda mübarizəyə start verəcək. Azərbaycan kubokunda 2014-cü ildə debüt edən komanda 5 mövsüm bu turnirdə qüvvəsini sınayıb. Bir dəfə yarımfinala (2018/19), üç dəfə 1/4 finala (2015/16, 2016/17, 2017/18) qədər irəliləyən “Qartallar” 2014/15 mövsümünü 1/16 finalda başa vurub.
İlk kubok matçını 2014-cü il oktyabrın 22-də “Qaradağ-Lökbatan”a qarşı keçirən “Zirə” 0:1 hesabı ilə uduzub. Beş ildən sonra eyni rəqiblə görüş yubiley - 15-ci kubok matçı olacaq. Əvvəlki 14 oyunda 7 qələbə qazanan “Zirə” 2 heç-heçə edib və 5 dəfə uduzub. Rəqib qapılarından 18 top keçirən “Zirə” futbolçuları 20 qol buraxıblar.
Bu matçlardan 6-sı evdə, 8-i səfərdə baş tutub. 7-ci ev qarşılaşmasına çıxacaq komanda öz meydanında 3 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə uduzub. Bu görüşlərdə top fərqi 9-8-dir.
Zaur Həşimov “Zirə”nin baş məşqçisi kimi ilk kubok matçına çıxacaq. Əvvəlki 14 oyunda Adil Şükürov 6, Samir Abasov 4, Ayxan Abbasov 3, Bəhram Şahquliyev 1 dəsə “sükan arxası”nda olub.
Azərbaycan kubokunda “Zirə”nin formasını 69 futbolçu geyinib. Kamal Bayramov hamıdan çox – 12 oyuna çıxıb. Vüqar Mustafayevlə Vüsal İsgəndərlinin hesabına 9 matç var.
“Qartallar”ın rəqib qapısından keçirdiyi 18 topa 13 oyunçu imza atıb. Nelson Bonilya hamıdan çox – 3, Vüsal İsgəndərli, Nurlan Novruzov, Adil Nağıyev və Pərdis Fərcad-Azad hərəyə 2 dəfə fərqlənib.