Çimərlik futbolu üzrə Azərbaycan millisi 1-6 sentyabrda Portuqaliyanın Nazare şəhərində keçiriləcək Avroliqanın Superfinalında mübarizə apara bilməyəcək.
 
Rekord.az xəbər verir ki, bu barədə Oxu.Az-a millimizin baş məşqçisi Zeynal Zeynalov deyib.
 
O bildirib ki, Fransa səfirliyi karantin vaxtı işləmədiyindən viza almaqda çətinliklə üzləşiblər:
"Məşqlərə başlamışıq. Su İdmanı Sarayında hazırlıq keçirik. Heyətimizə yeni futbolçular cəlb etmişik. Onları milliyə götürmək üçün yoxlayırıq. Ancaq qarşıda hansı yarışa gedəcəyimiz hələ ki bilinmir.
 
Viza məsələsinə görə Portuqaliyadakı yarışa gedə bilməyəcəyik. Karantin olduğundan, səfirlik işləmirdi deyə viza almağı çatdıra bilmədik.
 
Bildiyimə görə, həmin yarışda iştirak etməsək də, bu, diviziondakı yerimizə təsir etməyəcək və növbəti il də A divizionunda mübarizə aparacağıq. Ümumiyyətlə, karantinə görə, yarışın özünün keçirilməsi də 50%-dir”.
 
Qeyd edək ki, millimiz Superfinalda mübarizə aparsaydı, potensial rəqiblər bu komandalar olmalıydı: Portuqaliya, İtaliya, Rusiya, İspaniya, İsveçrə, Belarus, Ukrayna, Fransa, Polşa, Almaniya və Türkiyə.
 

Onu da bildirək ki, pandemiyaya görə, 19-23 avqustda Moldovanın paytaxtı Kişinyovda keçirilməli olan B divizionunun oyunlarının da tarixi və məkanı dəyişdirilib. Bu yarışın da A divizionu (Superfinal) kimi Nazaredə 1-6 sentyabrda keçirilməsi qərara alınıb.