Azərbaycan millilərinin məşqçi heyəti gücləndirilib
- 11:30
- 34
Azərbaycanın cüdo millilərinin məşqçi heyəti gücləndirilib.
Rekord.az Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istnadən xəbər verir ki, yeni Olimpiya tsikli ərəfəsində yığmaların bütün yaş kateqoriyalarında işini beynəlxalq standartlara uyğunlaşdırmaq və aşkarlanmış istedadların elit idmançı səviyyəsinə effektiv şəkildə keçidini təmin etmək məqsədilə məşqçilər heyətində bir sıra dəyişikliklər edilməsi barədə qərar qəbul olunub.
ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni məşqçi təyinatlarını şərh edərkən bildirib ki, bu dəyişikliklər qurumun qlobal səviyyədə rəqabət apara biləcək elit cüdo komandasının formalaşdırılması istiqamətində atdığı mühüm addımdır:
“Cəlb edilən yeni əcnəbi mütəxəssislərin hər biri fərqli cüdo məktəbini təmsil edir və bununla da ən yaxşı təcrübələrdən istifadə imkanlarımız genişlənir. Bu, eyni zamanda yerli məşqçilərin özlərini inkişaf etdirmələri üçün münbit şərait yaradır. Əminik ki, daha da gücləndirilmiş məşqçi heyətimiz federasiyanın qarşısına qoyduğu məqsədlərə çatmaqda öz dəyərli töhfələrini verəcəklər”.
Qeyd edək ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman yığmaların bütün yaş qrupları üzrə fəaliyyətinin təşkilinə və koordinasiyasına nəzarət edəcək performans direktoru vəzifəsinə təyin edilib. O, eyni zamanda kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini də davam etdirəcək. Elxan Məmmədov kişilərdən ibarət millinin böyük məşqçisi vəzifəsinə təyin edilib. Buna qədər o, gənclərdən ibarət yığmanın baş məşqçisi kimi çalışıb.
Həmçinin indiyə qədər Polşa, Avstriya və Belçika milli komandalarında baş məşqçi və böyük məşqçi kimi çalışmış Robert Kravçik də kişilərdən ibarət yığmanın böyük məşqçisi kimi fəaliyyət göstərəcək. 2013-cü ildən məşqçilik edən R.Kravçikin yetirmələri Olimpiya Oyunları, Avropa Oyunları və çempionatlarının dəfələrlə mükafatçıları olublar.
Gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi vəzifəsi isə indiyə qədər yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi olmuş Rüstəm Alimliyə həvalə edilib. Yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi isə indiyə qədər bu komandada məşqçi kimi çalışan Emin İskəndərov təyin edilib.
Gənc və yeniyetmə oğlanlardan ibarət milli komandaların texniki və taktiki hazırlığının müasir standartlara uyğun təmin edilməsi üçün Kotaro Sasaki bu komandalarda məşqçi kimi fəaliyyət göstərəcək. Yaponiyanın məhşur “Tokai” Universitetinin məzunu olan K.Sasaki 2016-cı ildən etibarən Yaponiya və Avropada bir sıra klublarda məşqçi kimi çalışmaqla yanaşı, müəyyən müddət Polşa Cüdo Federasiyasında yeniyetmələrdən ibarət komandanın əsas məşqçisi, həmçinin Olimpiya heyəti üzrə və gənclərdən ibarət yığmanın köməkçi məşqçisi kimi fəaliyyət göstərib. K.Sasakinin yetirmələri böyüklər və gənclər arasında dünya çempionatlarının mükafatçıları olublar.
Qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədovla qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verilib. Federasiya ona göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qadınlardan ibarət yığmanın baş məşqçisi vəzifəsinə Amina Abdullatif təyin edilib. 2006-cı ildən etibarən məşqçilik təcrübəsi olan A.Abdullatif daha əvvəl Fransanın gənc və yeniyetmələrdən ibarət milli komandalarının məşqçisi vəzifəsində çalışıb, son illərdə isə Fransanın Milli İdman İnstitutunda cüdo şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Onun yetirmələri böyüklər, gənclər və yeniyetmələr arasında dünya və Avropa çempionatlarının mükafatçıları olublar.
Saşa Herkenrat-Vimar isə qadınlardan ibarət milli komandanın məşqçisi vəzifəsinə təyin edilib. 2016-cı ildən məşqçilik edən mütəxəssisin yetirmələri dəfələrlə beynəlxalq yarışların, o cümlədən Avropa çempionatının mükafatçısı olublar.