“Azərbaycan millisi bizi təəccübləndirmədi”
- 11 Noy 2021 23:35
- 617
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Luk Holts DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün sürprizlə qarşılaşmadıq, Azərbaycan millisi bizi təəccübləndirmədi. Rəqibə qarşı 2 ay əvvəl oynamışdıq. Bu komandanı yaxşı tanıyırıq. Heyətində keyfiyyətli futbolçular var.
Qələbə qazanmağımızda rəqib futbolçunun qırmızı vərəqə alması öz sözünü dedi. Komandanın çıxışından razı qalmadım. Xüsusilə qırmızı vərəqədən 1-ci qoladək yaxşı oynamadıq.
Holts, "Azərbaycan millisinin inkişafı üçün nə etmək lazımdır" sualına bu cür cavab verib: "Bunu sizə mən deyə bilmərəm. Çox sayda baş məşqçilər var. Hər kəsin öz fəlsəfəsi olmalıdır. Bizə gəldikdə, futbol fəlsəfəmizi dəyişməyə çalışdıq. Əvvəllər daha çox müdafiədən oynamağa və risk etməməyə çalışırdıqsa, son illərdə hücum futbolu sərgiləməyə başladıq. Düşünürəm ki, inkişafımızın əsas amillərindən biri budur".
O, Moldova "Şerif"inin heyətində inamlı çıxışı ilə diqqət çəkən Sebastyan Tillin meydana əvəzetmədən daxil olmasının səbəbini də açıqlayıb: "Yarımmüdafiə xəttimizdə güclü futbolçular çoxdur. Bu mövqedə rəqabət böyükdür. Bəzi futbolçuların bərpası da vaxt alır. Ona görə də hərdən bu cür rotasiyalara əl atırıq".