"Azərbaycan millisi ən yaxşı heyətini sifariş edib"
- 21 İyl 2020 15:47
- 1180
"Olimpiada üçün 160-dan çox ölkə müraciət edib. Beləliklə, son rəqəm gözləntilərimizə uyğundur".
Rekord.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç "Kommersant"a müsahibəsində Ümumdünya Şahmat Olimpiadası barədə danışarkən deyib.
Funksioner əvvəlki yarışa nisbətən onlayn Olimpiadaya qatılanların sayının az olduğunu etiraf edib. Dvorkoviç bunu bir neçə amillə əlaqələndirib: "Əvvəlcə hazırlıq üçün çox vaxt yox idi.
Bir neçə həftə əvvəl onlayn yarış keçirməyə qərar verdik. Bəzi ölkələrdə isə oyunçu sarıdan çətinliklər var. Bəzi yerlərdə tədris ili təxirə salındı və gənc şahmatçılar dərslərə yükləndilər.
Digərlərində isə koronavirus səbəbindən ciddi məhdudiyyətlər var. Məsələn, Kabildə epidemioloju vəziyyətə görə şahmatçıların çıxışlarını təmin etməyin mümkün olmadığını öyrəndik".
FIDE-nin rəhbəri aparıcı komandaların heyətlərini dəyərləndirərkən, Azərbaycan millisi haqqında da danışıb: "Çin, Hindistan, Azərbaycan, Ermənistan və digər milli komandalar ən yaxşı heyət sifariş ediblər. Heyəti daha zəif olanlar da var, ancaq hər halda rəqabət yüksək olacaq".
Avqustun 22-də start götürəcək yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.
Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq. Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.