Azərbaycan karateçiləri Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiya lisenziyalı turnirə yollanıb.

Rekord.az xəbər verir ki, qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 6 idmançı yer alıb.

Olimpiya vəsiqələri uğrunda Firdovsi Fərzəliyev (67 kq), Asiman Qurbanlı (+75 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), eləcə də Roman Heydərov və Neda Rezai (hər ikisi kata) mübarizə aparacaq.

Tokio olimpiadasını idarə etməyə seçilən 15 hakimdən biri, Avropa Hakimlər Komitəsinin (EKF) üzvü Cahangir Babayev Dünya Karate Federasiyasının (WKF) xüsusi dəvəti ilə yarışda hakimlik edəcək.

11-13 iyun aralığında təşkil olunacaq turnirdə 98 ölkədən 500 karateçi olimpiya vəsiqələri uğrunda mübarizə aparacaq. "Pyer de Kuberten" arenasında dairəvi sistemlə keçiriləcək yarışda hər çəki dərəcəsi üzrə ilk üçlük lisenziya qazanacaq.

Azərbaycan karateçiləri indiyədək Tokio olimpiadasına 2 vəsiqə alıb. Təsnifat mərhələsini uğurla keçən ilk 40 idmançı sırasına İrina Zaretska (+61 kq) və Rafael Ağayev (75 kq) düşüb.

Qeyd edək ki, olimpiadada 80 karateçi yarışacaq, onlardan 60-ı kumitedə, 20-si isə kata çıxışlarında mübarizə aparacaq. 40 karateçidən başqa, daha 24 idmançı Parisdəki xüsusi turnirdə vəsiqə qazanmağa çalışacaq.

12 əlavə olimpiya lisenziyası isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Digər 4 karateçiyə olimpiya vəsiqələri üçtərəfli komissiyanın dəvəti ilə təqdim ediləcək. Olimpiadada karate yarışları 5-7 avqustda Nippon Budokan mərkəzində keçiriləcək.