Azərbaycan millisində baş məşqçi dəyişikliyi
- 12 İyn 2023 17:30
- 317
Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.
Rekord.az xəbər verir ki, yığma Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa Oyunlarına yeni məşqçilər heyətinin rəhbərliyi altında yollanacaq.
Yığma müvəqqəti olaraq gənclərdən və yeniyetmələrdən ibarət millilərin baş məşqçilərinə həvalə edilib.
Krakov-2023-də baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovu müvafiq olaraq, Məmməd Abdullayevlə Rəşad Məmmədov əvəzləyəcəklər. Onların qarşısına maksimum yüksək nəticə qazanmaq hədəfi qoyulub.
Qadınlardan ibarət yığma isə Oyunlarda dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaqlar.
Azərbaycan Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Krakov-2023-də Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvəsini sınayacaq.
Komandaya ümumi rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ölkəmizi hakimi kimi isə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva təmsil edəcək.
Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.