Futzal üzrə Moldova yığmasının baş məşqçisi Vladimir Vusatı Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, komandasının 3:5 hesabıyla məğlub olduğu qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Bu görüşdə yaxşı nəticə əldə etmək üçün çoxlu məşqlər etmişdik. Həqiqətən də mütəmadi Avropa çempionatının final mərhələsində çıxış edən komandaya qarşı oyun planında yaxşı təsir bağışladıq. Çox istəkli idik, fiziki və funksional olaraq tapşırıqları yerinə yetirdik. Ancaq xırda nüanslar çatmadı ki, bu əziyyətimizi qələbəyə çevirək. Hələ oyundan əvvəl uşaqlara tapşırdım ki, diqqətli olun, imkanları düzgün istifadə edin.

İki oyunumuz qalıb, amma heyətlə bağlı problemlərimiz yaranıb. Laşku qırmızı vərəqə aldı və biz aparıcı oyunçumuzu itirdik. Çalışacağıq Slovakiya ilə görüşdə məsələni xeyrimizə həll edək”.